Avropa İttifaqının «Tempus» proqramının VI çağırış üzrə «Gürcüstan, Azərbaycan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana işinin menecmenti üzrə bakalavr-magistr hazırlığı» layihəsi çərçivəsində İspaniyanın Girona və Barselona şəhərlərində treninqlər keçirilib. Treninqdə Azərbaycan Turizm və Menecment Universitetinin mehmanxana və restoran biznesi kafedrasının müəllimi Məmməd Əliyev və turizm və qonaqpərvərlik fakültəsinin tutoru Sara Bağırlı iştirak edib. Aprelin 27-dən mayın 15-dək davam edən təlimlər əsasən Girona Universitetində və Barselonadakı turizm məktəblərində (Euroaula, EUT Formatic Barna, EUTH, Escola Universitaria Meditterani) təşkil olunub.
Sara Bağırlı qəzetimizə açıqlamasında bildirdi ki, Girona Universitetinin professor-müəllimləri tərəfindən keçirilmiş treninqlər qrafikinə «Tempus» proqramı ilə bağlı müzakirələr, tədris-metodik vasitələrin müqayisəli öyrənilməsi və sair məsələlər daxil idi: «Girona Universitetində dərslərin dinləyicisi olmaqla bərabər, İspaniyanın bir sıra istehsalat müəssisələrində (“The Carlemany Hotel”, “Torremirona” və s.) də olduq. Universitetdə məruzə saatları turizm ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulduğundan tədris fənləri müvafiq vasitə və metodların təsviri, eləcə də tədris proqramlarının geniş izahı müstəvisində aparıldı. 18 gün ərzində iştirakçılar ölkənin təlim-tədris metodikasına dair ətraflı məlumat əldə etmək imkanı qazandılar. Mehmanxana nəzdində turizm məktəblərinin fəaliyyət göstərməsinin kadr hazırlığı üçün əhəmiyyətinin şahidi olduq».

Fəxriyyə