Yarandığı gündən Azərbaycan xalqının düşüncə sahiblərinə məxsus maddi-mənəvi sərvətin qorunaraq gələcək nəsillərə çatdırılmasını qarşıya məqsəd qoymuş Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə daim yeni sənədlər daxil olmaqdadır.
   Bu qiymətli sənədlərin içərisində neçə-neçə bənzərsiz söz adamının, sənət korifeyinin nağıllaşan ömür dünyasının sirli-soraqlı anları var. Sevindirici haldır ki, hələ sağlığında canlı klassikə çevrilmiş bəzi söz bahadırları da öz fondlarını yaratmaqda maraqlıdırlar. Belə söz xiridarlarımızdan biri də müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən Xalq yazıçısı Elçindir.
   Bu günlərdə Xalq yazıçısının yaradıcılığının bir hissəsini əks etdirən materiallar Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təqdim edilib.
   Arxivin direktoru Maarif Teymurov bildirib ki, sənədlər arasında Elçin Əfəndiyevə ünvanlanmış xidməti məktublar, təbriklər, müstəqillik illərində yazıçıya təqdim olunmuş kitablar və digər sənədlər var. Bu sənədlərin sayı ümumilikdə 2000-dən çoxdur. Bütün işlər qaydaya salındıqdan sonra Xalq yazıçısının şəxsi fondu rəsmiləşdiriləcək.
   Tanınmış yazıçı Elçinin müxtəlif dillərdə 100-ə yaxın kitabı nəşr olunub. Sevimli yazıçımızın kitablarının ümumi tirajı 5 milyondan çoxdur.