İyunun 22-də Azərbaycan Mətbuat Şurasında şair-publisist Elçin Mirzəbəylinin “Poz bu sükutu” adlı şeirlər kitabının təqdimat mərasimi keçirildi.
   
   Tədbirdə giriş sözü ilə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov şairin həyat və yaradıcılığından söz açdı, E.Mirzəbəylinin fəaliyyətinin çoxşaxəli olduğunu dedi. Onun yaradıcılığında siyasət, publisistika, jurnalistika və poeziyanın vəhdətdə təmsil olunduğunu bildirdi: «Təqdimatına yığışdığımız kitab isə bizlərə onu daha çox gözəl ruhlu şair və dərin zəka sahibi publisist kimi tanıtdırır. Elçin Mirzəbəyli yaradıcılığında ən ümdə məqam vətənə, torpağa hədsiz bağlılıq və bütöv Azərbaycan ruhudur. Onun baxışlarında Vətən çox böyük, ürəklərdə, qəlblərdə əbədi iz salan məkandır». Sonra o, jurnalist-publisistə Azərbaycan Mətbuat Şurasının diplomunu təqdim etdi.
   Millət vəkili, yazıçı Aqil Abbas, “APA” İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı «Salam məmləkət» çağırışı ilə yaradıcılıq yollarında addımlayan E.Mirzəbəylini həm köhnə, həm də yeni nəslin qəbul etdiyi şair, poeziya və publisistika adamı kimi dəyərləndirdilər.
   «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid, “Ədalət” qəzetinin baş redaktoru, publisist İradə Tuncay, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, yazıçı-publisist Yunus Oğuz, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və başqaları da çıxış edərək müəllifin insana, böyük anlamda sevgiyə münasibətinin yaradıcılığının ana xəttini təşkil etdiyini vurğuladılar.
   E.Mirzəbəylinin oxucularla ikinci görüşü olan “Poz bu sükutu”nda müəllifin müxtəlif illərdə yazdığı şeirlər, esse və publisistik məqalələrindən seçmələr yer alıb.