2015-ci ilin ilk iki ayında Türkiyəyə gələn əcnəbilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq 2 milyon 634 min nəfər olub. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, ölkəyə gələn xaricilər arasında ilk yerdə almanlardır.

Fevralda 153 min alman Türkiyəni ziyarət edib. İkinci-üçüncü yerlərdə İran (107 min) və Gürcüstandan (106 min) gələn turistlərdir. Bu müddətdə rusiyalı turistlərin sayında sürətli eniş diqqət çəkib. Rusiya maliyyə bazarındakı dalğalanmalar, rublun dəyər itirməsi səbəbindən fevral ayında Türkiyəyə gələn rusiyalı turistlərin sayı keçən ilin eyni ayına görə 32 faiz azalıb.
May ayının statistikası da azalma tempini göstərir. Türkiyə mətbuatının xəbərinə görə, bu rəqəm 28 faiz və ya 200 min nəfər az olub. Rusların ən çox sevdiyi istirahət bölgəsi Antalya olsa da, artıq bura gələn turist sayı 40 faiz azalıb.
Rusiyalı turistlərin azalması Türkiyə turizminin əsas mərkəzi olan Antalyada ümumi statistikaya da ciddi təsir edib. İlk 5 ayda turist sayında 10 faiz olan geriləmə, iyunda 15 faizə (300 min nəfər) çatıb. Türkiyənin daxili statistikası da göstərir ki, ilin 5 ayında ümumilikdə xarici ziyarətçi sayı 2 milyon 494 minə qədər azalıb.
Ölkə xaricinə istirahətə gedən rusların sayının kəskin azalmasını Rusiya Federal Turizm Agentliyinin statistikası da təsdiq edir. Qurumun xəbərinə görə, ötən ilin ilk dörd ayında 3 milyon 180 min Rusiya vətəndaşı xaricə istirahətə getdiyi halda, bu ilin eyni dövründə bu rəqəm 1 milyon 900 minə qədər geriləyib. Bildirilir ki, 2014-cü ildə 4,38 milyon rusiyalı Türkiyəyə səfər edib. Bu ilin ilk rübündə bu göstərici 26 faiz azalıb.
Türkiyəli turizm mütəxəssisləri isə ümid edirlər ki, rusiyalı turistlər yenə də istirahət məkanı olaraq Türkiyəni seçəcəklər və əvvəlki göstəricilər bərpa olunacaq. Türkiyə Səyahət Agentlikləri Birliyinin (TURSAB) rəhbəri Başaran Ulusoy bildirib ki, yay turizm mövsümü ərəfəsində artıq rusiyalı turistlər «isti turları» öncədən sifariş etməyə başlayıblar. Onun sözlərinə görə, böhranın törətdiyi fəsadlar aradan qalxmaqdadır: «Hazırda öncədən səyahət paketlərini sifariş edənlər ən çox Rusiyadan olan turistlərdir. Ümidvarıq ki, turist sayı ötənilki göstəricilərə çatacaq».

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar