İyulun 25-də “Şahdağ” Turizm Mərkəzində “Velosipedçilər Günü” tədbiri keçiriləcək. Velosiped yolları “Şahdağ” Turizm Mərkəzi tərəfindən hazırlanıb və həmin gün velosipedçilərin tam ixtiyarına veriləcək. Bir neçə yol səviyyəsi planlaşdırılıb: yeni başlayanlar, peşəkarlar və ekstremallar üçün.
Yeni başlayan və təcrübəli velosipedçilər yollara velosipedlər üçün xüsusi tutqaclarla təchiz edilmiş kanat yolları vasitəsilə qalxacaqlar. Təklif edilən paketlərə tədbir günündə kanat yolu ilə məhdudiyyətsiz sayda qalxma daxildir, bu da iştirakçılara gün boyunca velosiped sürməkdən həzz almaq imkanı verəcək. Bu zonada yolların uzunluğu 1-3 km-dir. Yeni başlayanlar üçün nəzərdə tutulmuş yolda da müxtəlif maneələr (tramplinlər, rampalar) var.
Ekstremal yol xeyli uzun və daha mürəkkəbdir, bundan başqa, xüsusi olaraq hazırlanmış marşruta kanat yolu ilə qalxmaq mümkün deyil. Yarış iştirakçıları dəniz səviyyəsindən 2351 m hündürlükdə olan start yerinə avtomobillə çatdırılacaqlar.
Bundan əlavə, velosipeddən yorulsanız və ya sizinlə velosipedsiz yoldaşlarınız olarsa, digər çoxsaylı əyləncələr ixtiyarınızda olacaq: peyntbol, zip-layn, seqvey, kvadrosikllər, bobkartlar və s. Uşaqlar üçün həmçinin maraqlı əyləncələr tapılacaq.
Paketə aşağıdakılar daxildir: iştirakçıların (velosipedləri ilə) avtobusla Bakıdan “Şahdağ” Turizm Mərkəzinə nəql edilməsi; gün ərzində çay, qəhvə və nahar yeməyi; velosipedlərin treklərə aparılması üçün kanat yolundan və digər üsullardan istifadə.
Fəxriyyə Abdullayeva