Daşkənddə nəşr olunan “Jaxon adabiyyatı” jurnalının son nömrəsində Azərbaycanın Xalq yazıçısı Elçinin “Baladadaşın ilk məhəbbəti” və “Baladadaşın toy hamamı” əsərləri “Baladadaşın povestləri” adı altında dərc olunub. Povestləri orijinaldan özbək dilinə ədəbiyyatımızın yaxın dostu, şair və tərcüməçi Usman Kuçkar çevirib.
   Usman Kuçkar Elçinin əsərlərindən ibarət kitabı da çapa hazırlayır. Yeni nəşrdə yazıçının povest və hekayələri toplanacaq.
   Şair və tərcüməçi Usman Kuçkar uzun illərdir ki, Azərbaycan ədəbiyyatını özbək dilinə tərcümə edir. O, Yusif Səmədoğlunun “Qətl günü”, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanlarını, Elçinin “Toyuğun diri qalması” povestini, müxtəlif vaxtlarda Azərbaycan yazıçılarının hekayələrini özbək dilində nəşr etdirib. Ötən il isə Usman Kuçkarın tərcüməsində Sabir Rüstəmxanlının “Göy tanrı” romanı, Hidayətin şeirlər kitabı özbək dilində işıq üzü görüb.
   Usman Kuçkar böyük Azərbaycan şairi Hüseyn Cavidin “Topal Teymur”, “Şeyx Sənan” və “Səyavuş” əsərlərini də özbək dilinə çevirib. Yaxın vaxtlarda bu gözəl əsərlərin də nəşri nəzərdə tutulur.