Modelyer Fəxriyyə Xələfova xarici turistlərə milli geyimlərimizlə bağlı mühazirə oxuyub
Tanınmış modelyer, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova Azərbaycanın “Millennium Tourism & Congress” və Rusiyanın «VİP Korpereyt Trevel» şirkətlərinin təşkilatçılığı ilə bugünlərdə Bakıda səfərdə olan rusiyalı turizm təmsilçilərinə ölkəmizin moda tarixi, milli geyimlərimiz və müasir dəb dünyası haqqında geniş mühazirə oxuyub.
Bu barədə qəzetimizə məlumat verən modelyer bildirdi ki, 10 ildən artıqdır Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi fəaliyyət göstərir. Bununla paralel olaraq müxtəlif kollektivlərə, qrup şəklində müraciət edən insanlara moda haqqında mühazirələr keçir: «Bu mənim üçün də maraqlıdır. Mühazirələri Azərbaycanın moda dünyası haqqında tarixi mənbələrə, özümün təcrübəmə əsaslanıb hazırlamışam. Təkcə turist qruplarına deyil, müxtəlif təhsil ocaqlarında da mühazirələr söyləyirəm. Rusiyadan gələn turist qrupu üçün ikisaatlıq mühazirə-təqdimatım oldu. Onlar Azərbaycanın milli geyimləri, müasir dəb haqqında çoxlu suallar verirdilər. Əslində Azərbaycan xalqının milli mənəvi dəyərlərinə həsr olunmuş bir mövzunun başqa ölkələrin nümayəndələrini maraqlandırması çox sevindirici haldır. Hər hansı bir xalqın milli geyimi o xalqın zövqünün və mədəniyyətinin göstəricisidir. Videogörüntülərlə təqdimatda həm öz geyim kolleksiyalarımı, həm qədim və müasir fotolarla milli geyimlərimizi nümayiş etdirdim. Rusiyalı qonaqlar dedilər ki, onlarda milli geyimlər bu qədər aktual deyil, turistlərə bu haqda təqdimatlar edilmir. Bu həm də Şərq aləminə bir ekskursiyadır. Çünki mən dəfələrlə bunu demişəm ki, bizim milli geyimlərimiz zövqlü, cazibədar və ecazkardır».
«Millennium Tourism & Congress» şirkətinin təşəbbüsünü yüksək dəyərləndirən Fəxriyyə Xələfova bunun davamlı olmasını arzulayır. Onun fikrincə, digər ölkələrdə yaşayan insanların Azərbaycanın milli geyimləri və müasir dəbləri haqqında məlumatlandırılması müsbət haldır: «Mən özüm səyahət etməyi çox sevirəm. Bir çox ölkələrdə, zəngin tarixə malik şəhərlərdə olmuşam. Turistin səfər etməkdə əsas məqsədi təbii ki, istirahətdir. Amma o bu istirahətindən mənəvi qida da almaq istəyir. Bunun da əsasını getdiyin ölkə haqqında aldığın məlumatlar təşkil edir. Hesab edirəm ki, ölkəmizə Rusiyadan infotura gəlmiş həmin qrup Azərbaycandan çox gözəl təəssüratlarla ayrıldı. Düşünürəm ki, belə təşəbbüslər digər şirkətlər tərəfindən də həyata keçirilməlidir».
Fəxriyyə Abdullayeva