İştirakçılar bölgənin mədəniyyət və turizm müəssisələri ilə tanışlığın faydalı olduğunu bildiriblər

İyulun 22-də Mədəniyyət və Turizm Nazirliyi qeyri-hökumət təşkilatları (QHT) ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu əməkdaşlığın səmərəliliyinin artırılması məqsədilə Quba-Qusar bölgəsinin mədəniyyət və turizm müəssisələrinə infotur təşkil edib.
Səfərin təşkilində əsas məqsəd qeyri-hökumət təşkilatlarının nümayəndələrini mədəniyyət və turizm müəssisələri ilə tanış etmək, onlarda milli mədəniyyətimizin inkişafına və təbliğinə xidmət edəcək maarifləndirici və kreativ ideyaların formalaşmasına yardım etməkdir.
İnfotur zamanı QHT nümayəndələri Quba şəhərində Heydər Əliyev Mərkəzi, Cümə məscidi (XIX əsr), Quba Soyqırımı Memorial Kompleksində, Azərbaycanda tolerantlığın nümunələrindən sayılan, dağ yəhudilərinin yaşadığı Qırmızı qəsəbədə olublar. Tur iştirakçıları həmçinin Qusar rayonunda “Şahdağ” Turizm Mərkəzi ilə tanış olublar.
QHT təmsilçiləri bölgənin mədəniyyət və turizm müəssisələri ilə bu tanışlıq səfərinin onlar üçün faydalı olduğunu vurğulayıb və gələcəkdə də bu tipli informativ xarakterli tədbirlərin təşkil edilməsinin əhəmiyyətini qeyd edərək təşkilatçılara təşəkkürlərini bildiriblər.

Fəxriyyə Abdullayeva