Son illər Göygöl rayonunda görülən abadlıq-quruculuq işləri, istifadəyə verilən istirahət məkanları bölgəyə turistlərin marağını daha da artırıb. Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şərqiyyə Hümbətovanın sözlərinə görə, bunun da başlıca səbəbi onlar üçün yaradılan şəraitdir.
Şöbə müdiri deyir ki, keçən il rayonda 26 min turist dincəlib. Turizm infrastrukturunda aparılan tədbirlər nəticəsində bu il onların 30 minədək artacağı gözlənilir. Hazırda rayonda 5 istiqamətdə - Aşağı Hacıkənd-Göygöl, Topalhəsənli-Zurnabad-Şəhriyar, Köçkü-Üçbulaq, Quşqara-Balçılı və Göygöl şəhəri üzrə turist marşrutları fəaliyyət göstərir. Bu marşrutlar üzərində 31 yerli əhəmiyyətli abidə var. Onlardan XII əsrə aid Ağ körpü, Zurnabad kəndində Qala abidəsi, Quşqarada türbə, Çaykənddə müqəddəs Məryəm kilsəsi, Gəncə çayının rayon ərazisindən keçən hissəsində iki və üçtağlı körpülər, Dozular kəndində Kürəkçay körpüsü, şəhərdə Lüteran kilsəsi, Anahid məbədi turistlərin böyük maraq göstərdikləri tarixi abidələrdir.
Təbiəti füsunkar, havası təmiz, buz bulaqları ilə insanlara şəfa verən bu rayonun mətbəxi də zəngindir. Turizm məkanlarında dincələnlərə milli mətbəximizin nümunələri təqdim olunmaqla yanaşı, maraqlı əyləncələr də təşkil edilir. Tanınmış incəsənət ustaları istirahət ocaqlarına səfər edib turistlərə xoş anlar yaşadırlar.
Fəxriyyə Abdullayeva