Türkiyənin Gümüşhane vilayətinin Torul qəsəbəsindəki məşhur Karaca mağarasını hər il xeyli sayda turist ziyarət edir. Ramazan bayramı günlərində mağaranı ziyarət edən yerli və xarici turistlərin sayı 4 mini ötüb. Beləliklə, il ərzində buraya gələn turist sayı 22 min nəfərə çatıb. Mağaranı ziyarət edən hər 4 nəfərdən biri xarici ölkə vətəndaşları olub.
Əcnəbi xaricilər arasında ərəb ölkələrindən gələnlər üstünlük təşkil edirlər. Buna görə də turistlərin məlumatlandırılması üçün ərəb və ingilis dillərini bilən tərcüməçilərdən istifadə olunur. Ümumiyyətlə, keçən illə müqayisədə bu il Şərqi Qara dəniz bölgəsinə gələn turistlərin sayı artıb. Aprelin 15-də ziyarətə açılan mağaranı noyabrın 15-dək görmək mümkün olacaq.