99 avroya istirahətə getmək olar, amma yerlərin sayı məhduddur
Ölkə Prezidentinin tapşırığına uyğun olaraq, aidiyyəti dövlət qurumları ilə birlikdə aviabiletlərin qiymətlərinin təhlilini aparan və qiymətlərin aşağı salınması üçün müvafiq tədbirlər həyata keçirən “Azərbaycan Hava Yolları” QSC (AZAL) bununla bağlı konkret yenilikləri bir daha diqqətə çatdırıb.
Mətbuata verilən məlumatda bildirilir ki, avqustun 1-dən etibarən bütün beynəlxalq istiqamətlər üzrə uçuşlarda ekonom-klass tariflərinə 20-30% arasında endirim tətbiq olunacaq. Nəticədə Bakı-Moskva-Bakı reysi üzrə aviabiletlərin qiyməti 406 avrodan 321 avroya (21% ucuz), Bakı-İstanbul-Bakı marşrutu üzrə 277 avrodan 219 avroya, Bakı-Dubay-Bakı reysi üzrə 272 avrodan 216 avroya (21% ucuz) endiriləcək.
Ən aşağı qiymət sinfi üzrə yerlərin sayı biznes-klassdan başqa digər bütün yerlər 30%-dən az deyil və təyyarənin tipindən asılı olaraq, 32-61 yer arasında dəyişir. Məsələn, Pekin, London, Sankt-Peterburq, Moskva, Antalya reyslərində 48, İstanbul reysində 53 və s.
Bundan başqa, AZAL daha çox tələbatın olduğu 4 marşrut üzrə aşağı büdcəli sərnişindaşıma xətləri (“lou-kost”) təcrübəsinin tətbiqinə başlayıb. Avqustun 7-dən etibarən Bakı-Antalya-Bakı reysi üzrə həftədə 3 dəfə ucuz reyslər başlayır. Məlumatda bildirilir ki, Bakı-Antalya aşağı büdcəli reyslərə biletlərin satışına 24 iyulda başlanıb və iki gün ərzində 7 avqust reysinə bütün biletlər satılıb. Qeyd edək ki, sonrakı günlərdə avqustun ikinci həftəsi üçün də biletlərin əksəriyyəti sifariş edilib.
Bu istiqamətlər üzrə aviabiletlərin qiyməti (bütün rüsumlar daxil və 5 kiloqram əl yükü) bir tərəfə 99 avro təşkil edir. Sərnişinlər hər bir baqaj üçün əvvəllər bəyan edildiyi kimi 50 manat deyil, 25 avro ödəyəcəklər. Uçuşlar "Embraer" təyyarələri ilə həyata keçiriləcək.
Sentyabrdan başlayaraq “lou-kost” xətti ilə Bakı-İstanbul-Bakı reysi üzrə hər gün 1 uçuş, oktyabrdan başlayaraq hər gün Bakı-Moskva-Bakı istiqaməti üzrə 2 uçuş, Bakı-Dubay-Bakı reysi üzrə bir uçuş həyata keçiriləcək.