İyulun 25-də Qusar rayonu ərazisindəki Şahdağ Turizm Mərkəzində “Velosipedçilər günü» adlı tədbir keçirilib. Mərkəzin və «2Təkər Velo» mağazasının birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirə 20-dən artıq velosipedçi qatılıb.

Mərkəzin Müştərilərlə iş departamentinin müdiri Aygün Həsənovanın qəzetimizə verdiyi məlumata görə, onların əksəriyyəti peşəkar olub. İştirakçılar kanat yolu ilə məhdudiyyətsiz qalxma imkanı əldə edib və bütün velosiped yolları onların ixtiyarına verilib. Peşəkarlarla yanaşı, həvəskarlar da turizm mərkəzindəki müxtəlif səviyyəli velosiped yollarında qüvvələrini sınayıblar.
Velosipedçilər start yerinə xüsusi tutqaclarla təchiz edilmiş kanat yollarından istifadə etməklə çatdırılıblar. Ekstremalların istifadə etdiyi yol isə xeyli uzun və daha mürəkkəb olduğundan başlanğıc nöqtəyə kanat yolu ilə qalxmaq mümkün deyil. Bu səbəbdən də ekstremallar dəniz səviyyəsindən 2 min 351 metr hündürlükdə yerləşən start yerinə xüsusi avtomobillər vasitəsilə qalxıblar. Velosipedçilərin istifadə etdiyi müxtəlif səviyyəli yolların uzunluğu 1-3 kilometr arasında olub.
Həvəskarlar üçün nəzərdə tutulan velosiped yollarında müxtəlif maneələr quraşdırılıb ki, bu da onlara bacarıqlarını nümayiş etdirmək imkanı verib.
Aygün Həsənova onu da qeyd etdi ki, «Şahdağda velosipedçilər günü» adlı tədbirin təşkilində əsas məqsəd gənclərin velosiped idmanına marağını artırmaq, bu idman növünün daha da populyarlaşmasını təmin etməkdir. Eyni zamanda bu tədbir imkan verir ki, velosiped həvəskarları Şahdağ Turizm Mərkəzində yaradılan şəraitlə yaxından tanış olsunlar. Mərkəzdə yarış iştirakçılarının gün ərzində istirahəti üçün də hərtərəfli şərait yaradılıb.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar