Mədəniyyət və Turizm Nazirliyi xəbərdarlıq edir
Yay mövsümü ilə əlaqədar olaraq Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist səfərlərinin sayında artım müşahidə olunmaqdadır.
Bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyi bir daha əhalinin nəzərinə çatdırır ki, turizm şirkətlərinin vasitəsilə səyahətlərini təşkil edərkən həmin şirkətə nazirlik tərəfindən turizm fəaliyyətinə verilmiş və qüvvədə olan lisenziyanın (xüsusi razılıq) olub-olmamasını, turist vauçerini, "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.
Bununla yanaşı, yay mövsümündə Azərbaycanın regionlarında istirahət edən turistlərdən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxana fəaliyyətinə lisenziya (xüsusi razılıq) almış obyektlərin xidmətlərindən istifadə etmələri tövsiyə olunur.
Turizm mövsümü zamanı turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar hər hansı problemlərlə üzləşdiyiniz halda Mədəniyyət və Turizm Nazirliyinin (012) 492 88 50 telefon nömrəsinə və ya muraciet@mct.gov.az elektron ünvanına rəsmi müraciət edə bilərsiniz.