Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında ölkə Prezidentinin verdiyi tapşırığa müvafiq olaraq «Azərbaycan Hava Yolları» (AZAL) QSC bütün istiqamətlərə olan uçuşlarında iyulun 28-dən 20% endirim tətbiq edib. Aviaşirkət avqust ayından aşağı büdcəli sərnişindaşıma xəttini (lou-kost) də açıb. Avqustun 7-də bu xətlə Antalyaya ilk aviareys keçiriləcək. Reyslər 105 nəfər tutumu olan “Embrarer 190” təyyarələri ilə aparılacaq.
Endirimli biletlər ölkəyə və xaricə turların qiymətlərinə necə təsir edib? Bununla bağlı bir neçə turizm şirkətinə müraciət etdik.
Azərbaycanın turizm bazarında aktiv şirkətlərdən olan «R&R Travel Company» təyyarə biletlərinin qiymətlərinin endirilməsi ilə bağlı ölkə başçısına təşəkkürünü bildirib. Şirkətin rəhbəri Rüstəm Əhmədovun sözlərinə görə, Nazirlər Kabinetinin iclasında dövlət başçısının verdiyi tapşırıqlardan və AZAL-ın populyar istiqamətlərə (o cümlədən Türkiyənin Antalya bölgəsinə) uçuş qiymətlərini endirməsindən sonra xarici turizm bazarında aktivlik yüksəlib. Konkret olaraq Antalyaya turlar nisbətən ucuzlaşıb. Müştərilər belə turlara böyük maraq göstərirlər. Belə ki, endirimlərdən əvvəl Antalyaya birhəftəlik turlar adambaşına 650-800 manat arasında dəyişirdisə, qiymətlərin enməsindən sonra 450-550 manata enib.
Amma dəyişikliklər təkcə Antalyaya uçan loukoster təyyarələri ilə bağlı deyil. Ucuz təyyarə reyslərinin açılmasından sonra Antalyaya uçuşları həyata keçirən şirkətlərin, o cümlədən AZAL-ın əsas partnyoru olan «Summer travel» şirkəti də qiymətləri aşağı salmalı olub. Həmsöhbətim bildirir ki, ümumilikdə dəyişikliklərdən sonra digər istiqamətlərdə də 20-30% azalma var ki, bu da təkcə xaricə gedənlərin deyil, ölkəyə xaricdən gələnlərin də sayının artmasına imkan verəcək. Bu isə ümumilikdə turizm sənayesinin inkişafına böyük dəstəkdir.
«Millennium Tourism & Congress DMC» şirkətindən də bildirdilər ki, bütün istiqamətlər üzrə turpaketlərin qiymətlərində endirim müşahidə olunur. Məsələn, Antalyaya 585 manatdan başlayan qiymətlər indi 464 manatdan başlayır. Şirkətdən onu da bildirdilər ki, qiymət endiriminin çarter uçuşlarına aidiyyəti yoxdur.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar