Gürkan Kumbaroğlu: “Türkiyə ilə Azərbaycanın enerji sektorunda işbirliyindən ən çox faydalanan iki qardaş xalq olacaq”

Avqustun 1-dən 5-dək Bakıda səfərdə olan Beynəlxalq Enerji İqtisadiyyatı Assosiasiyasının (International Association for Energy Economics - IAEE) sədri, professor Gürkan Kumbaroğlu və IAEE-nin baş katibi David Villiams 2016-cı ilin 28-31 avqust tarixində qurumun Bakıda keçiriləcək ilk Avrasiya Konfransına hazırlıq məsələlərini müzakirə ediblər.

Bununla əlaqədar mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov və energetika nazirinin müavini Natiq Abbasovla görüşən qurum rəhbərləri həmçinin bu ilin noyabrında G20 zirvə görüşündən əvvəl Ankarada keçiriləcək konfrans barədə də fikir mübadiləsi aparıblar.
Səfər müddətində mətbuat nümayəndələri ilə də görüşən Gürkan Kumbaroğlu deyib ki, Bakıda keçiriləcək ilk Avrasiya Konfransında müxtəlif ölkələrin iş adamları, alimləri toplanacaq və gələcəyin enerji siyasətini formalaşdıracaqlar. Qonaq bildirib ki, Beynəlxalq Enerji İqtisadiyyatı Assosiasiyasının 100-dən artıq ölkədə nümayəndəliyi var və qurum heç bir siyasi proseslərə müdaxilə etmir, dünya enerji sektoruna töhfə verməyə çalışır.
G.Kumbaroğlunun sözlərinə görə, bu, onun 2015-ci il ərzində Bakıya ikinci səfəridir: “Bakı bizim üçün çox önəmlidir. Bunun da iki səbəbi var. Birincisi, Boğaziçi Universitetinin əməkdaşı və Türkiyədəki Eneji İqtisadiyyatı Dərnəyinin rəhbəri olaraq mən bu ilin yanvarında IAEE-nin rəhbəri seçilmişəm. Bu istiqamətdə qardaş ölkəyə töhfə verməyə çalışıram. Digər tərəfdən, Azərbaycan dünya enerji sektorunun böyük güclərindən biridir. Belə bir gücə malik olmasına baxmayaraq, 2012-ci ildən etibarən Bakıdakı beynəlxalq böyük tədbirləri nəzərdən keçirdikdə burada enerji mövzusunda tədbilərin keçirilməməsi bizdə təəccüb doğurdu. Assosiasiya olaraq 2016-cı ildə böyük bir tədbirə imza atmaq üçün sürətlə hazırlığa başladıq. Bu çərçivədə ilk Avrasiya konfransını avqustun 28-31-də Bakıda keçirməklə bağlı razılığa gəldik. Konfransda təkcə Azərbaycanın deyil, Avrasiya bölgəsinin problemləri müzakirə olunacaq, əsasən neft və qaz məsələləri önə çəkiləcək”.
Qurum rəhbəri qeyd edib ki, Türkiyə Azərbaycanla enerji sektorunda sıx işbirliyindədir: “Bu əməkdaşlıqdan ən çox faydalanan isə, təbii ki, iki qardaş xalq olacaq”.
Qeyd edək ki, Azərbaycan Konqreslər Bürosu ilə əməkdaşlıq çərçivəsində IAEE-nin sədri, professor Gürkan Kumbaroğlu aprel ayında Bakıya səfər edib və gələnilki konfransla bağlı bir sıra görüşlər keçirib.
IAEE biznes, hökumət, akademik və digər sahələrdə enerji sektoru üzrə çalışan mütəxəssisləri bir araya gətirən müstəqil, qeyri-kommersiya beynəlxalq platformasıdır. 1977-ci ildə ABŞ-da yaradılan birliyə 100-dən çox ölkədən mütəxəssislər üzv olub.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar