Bölgələrdə istirahət edənlərin əksəriyyəti bu turizm növündən istifadə edir

Sosial turizm Azərbaycan qanunvericiliyinə görə, sosial ehtiyaclar üçün dövlətin ayırdığı vəsaitdən yardımlanan səyahət imkanı kimi başa düşülür. Əsasən həmkarlar ittifaqlarının xətti ilə reallaşan bu istirahət imkanı sovet dövründə xüsusilə geniş tətbiq olunub.

Hazırda ölkəmizdə turizmin bu sahəsinin geniş inkişaf perspektivi var. Sosial turizm xidmətinin yaradılması məsələsinə dövlət başçısı tərəfindən «2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramı» təsdiq edildikdən sonra xüsusi diqqət ayrılıb. Proqrama əsasən aztəminatlı ailələr, sağlamlıq imkanları məhdud olanlar, əlillər, uşaq və tələbələr ölkənin turizm məkanlarında ucuz qiymətə dincəlmək imkanı əldə ediblər.
Qeyd edək ki, sosial siyasətin ildən-ilə genişləndiyi Azərbaycanda sosial turizmin də inkişaf etdirilməsi üçün imkanlar var. Dünyanın inkişaf etmiş ölkələrində turizmin bu növü yayğındır. Xüsusilə sosial yönümü ilə seçilən bəzi Avropa ölkələrində geniş yayılmış sosial turizm infrastrukturu var. Bəzi ölkələr hökumətlərin maliyyə imkanlarına əsaslanmış sosial turizm xidmətləri təklif edirlər. Bəzilərində isə müəyyən yaş və sosial qrupdan olanlara səyahət etməkdə dəstək verilir.

Turizm mərkəzləri həmkarlar ittifaqları üçün güzəştlər tətbiq edirlər

Hazırda ölkəmizdə turizmin bu növünün inkişafı hansı səviyyədədir?
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəzdində fəaliyyət göstərən «Bakı Turizm» Agentliyinin direktoru Əlixan Mürvətovun sözlərinə görə, bölgələrdə istirahət edən turistlərin demək olar ki, yarısı sosial turizmdən istifadə edir. Nabranda «Xəzər», «Şahdağ», «Oberlux», «Orman» istirahət mərkəzləri sırf həmkarların xətti ilə gələn turistlərə xidmət göstərirlər: «Bu istirahət iki variantda həyata keçirilir. Birincisi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Sosial Müdafiə Fondu ilə birlikdə göndərişlər hazırlayır. Azərbaycanda hazırda həmkarların 3 milyona yaxın üzvü var. Onların ailə üzvləri ilə birlikdə istirahəti konfederasiyanın xətti ilə təşkil edilir. Bu istirahət məkanlarına ilk növbədə Abşeron yarımadasındakı və Naftalandakı sanatoriyalar daxildir. İkinci variantda konfederasiya sanatoriyalara müalicəvi göndərişlərin verilməsi ilə yanaşı, sırf istirahət məqsədli göndərişlər də verir. Bu məkanlara Nabranda «Xəzər» və «Şahdağ», Qaxda «Şəfa» istirahət mərkəzləri daxildir. Buraya 2, 3, 4 və hətta 5 nəfərlik ailəvi göndərişlər verilir. Bütün bu hallarda həmkarlar üzvləri göndərişin qiymətinin cəmi 15 faizini ödəyirlər. Məsələn, 3 nəfərlik ailənin 10 günlük istirahətinin qiyməti 2000 manatdırsa, onlar 300 manat ödəyirlər”.
Digər tərəfdən, hər bir sahə həmkarlar ittifaqları respublika komitələri də öz büdcələrindən bu işi görə bilirlər. Məsələn, AZAL öz işçilərinə istirahət və müalicəvi məqsədli göndərişləri tam pulsuz verir. Bu, Azərbaycan Hava Yolları şirkəti ilə Həmkarlar İttifaqları Konfederasiyası arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilir.
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) isə göndərişin əsas məbləğini özü ödəməklə işçilərini istirahətə göndərir. Şirkətin əməkdaşları göndərişin 10-15 faizini ödəyirlər. Səhiyyə, mədəniyyət, təhsil işçiləri, Müdafiə, Fövqəladə Hallar nazirlikləri və s. həmkarlar ittifaqları respublika komitələri Həmkarlar İttifaqları Konfederasiyası ilə yaxından əməkdaşlıq edirlər».
Əlixan Mürvətov onu da bildirdi ki, yerli istirahət mərkəzləri Həmkarlar İttifaqları Konfederasiyası ilə əməkdaşlıqda çox maraqlıdır: “Həmkarlar ittifaqları ilə əməkdaşlıq etmək onların özləri üçün üstünlükdür. İyun ayından sentyabra qədər bu istirahət mərkəzlərinin boş yeri qalmır. Bu səbəbdən də yerli istirahət mərkəzləri həmkarlar ittifaqları ilə əməkdaşlıq etmək üçün müxtəlif güzəştlər tətbiq edirlər, qiymətlərini aşağı salırlar və s.”

Əlilliyi olan şəxslər üçün istirahət

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də müxtəlif kateqoriyaya mənsub insanların istirahətinin və müalicəsinin təşkilini təmin edir. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu ilin ötən dövründə 800-dən çox əlilliyi olan şəxs istirahətə göndərilib. Əlilliyi olan şəxslərin istirahəti Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərində təşkil edilir. Onlar həmin mərkəzlərə xüsusi ayrılmış nəqliyyat vasitəsilə aparılıb-gətirilir. İstirahət müddətində əlilliyi olan şəxslər üçün müxtəlif idman yarışlarının, musiqili-əyləncəli tədbirlərin təşkili, tarixi və görməli yerlərə gəzinti turları, həmçinin həmin şəxslərin fizioterapevtik müalicə prosedurlarına, müalicəvi bədən tərbiyəsinə cəlb olunması və s. tədbirlər də həyata keçirilir.

F.Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar