2016-cı ilin Avropa Gənclər Paytaxtı seçilən şəhərə daha çox turistin gələcəyi gözlənilir
Məlum olduğu kimi, Gəncə şəhəri 2016-cı il üçün Avropa Gənclər Paytaxtı elan edilib. Bununla bağlı şəhərdə bir sıra layihələrin icrasına başlanılıb.
Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərovun sözlərinə görə, layihələrə dəstək məqsədilə yaradılan könüllülər akademiyası Bakı, Gəncə və digər şəhər və rayonlardan 200 nəfərədək gənci öz ətrafında birləşdirir. Bu gənclərin üzərinə düşən vəzifələrin ətraflı izahı məqsədilə təlimlərə başlanılacaq. “Könüllüyəm mən” adlı ilk təlim “Gəncə Avropa Gənclər Paytaxtı” və “Odlar Yurdu” gənclər ictimai birlikləri tərəfindən reallaşdırılacaq. Avqustun 25-dən 30-dək davam edəcək təlimdə 50 könüllünün iştirakı nəzərdə tutulur.
Bu arada “Dünya Gəncləri Alyansı” İctimai Birliyi tərəfindən “Gəncə - dünəndən bu günə” adlı layihə təqdimatı keçirilib. Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşan layihə üzrə qədim tarixə malik Gəncə şəhəri haqqında videofilm hazırlanıb.
Azərbaycan, rus və ingilis dillərində hazırlanmış videofilmin nümayişindən sonra layihənin məqsəd və vəzifələri haqqında danışan “Dünya Gəncləri Alyansı” İctimai Birliyinin sədri Türkan Sadıqova bildirib ki, 2016-cı il Avropa Gənclər Paytaxtı seçilən Gəncə bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edəcək. Şəhərə Avropanın bir çox ölkələrindən çoxlu sayda gənclərin gəlməsi gözlənilir. Layihənin həyata keçirilməsində əsas məqsəd avropalı gəncləri Azərbaycanla, eləcə də qədim Gəncə ilə daha yaxından tanış etməkdən ibarətdir.