Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Türkiyənin Avrasiya Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Bununla əlaqədar Türkiyənin Avrasiya Universitetinin rektoru, professor Aşkın Asanın rəhbərlik etdiyi nümayəndə heyəti ATMU-da olub.
Universitetin rektoru, professor Cəfər Cəfərov qonaqlara rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyəti, o cümlədən beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.
Müqavilədə müəllimlərin, bakalavr və magistratura pillələrində təhsil alan tələbələrin mübadiləsi, doktorantura pilləsi üzrə ikili dərəcə proqramlarının yaradılması, konfrans, simpozium və seminarların keçirilməsi, birgə elmi tədqiqat layihələrinin təşkili, elmi-metodik ədəbiyyatların, elmi araşdırma menecmentinə əsaslanan təhsil və peşə təcrübəsinin mübadiləsi əksini tapıb.
Bakı Slavyan Universiteti (BSU) də Türkiyənin Avrasiya Universiteti ilə əməkdaşlıq edəcək. Sənədi BSU-nun rektoru, professor Asif Hacıyev və Avrasiya Universitetinin rektoru, professor Aşkın Asan imzalayıb. Sənəddə birgə elmi araşdırmaların aparılması, elmi tədbirlərin təşkili, müştərək elmi məcmuələrin hazırlanması və nəşri, tərəflərin elmi-metodik ədəbiyyatla qarşılıqlı təminatı, tələbə və müəllim mübadiləsi nəzərdə tutulur.