Aksiyada turistlərə müxtəlif əyləncələr və konsert proqramı təqdim olundu

Ölkəmizdə turizmin inkişafı, bölgələrdə yaradılan yeni turizm müəssisələrinin fəaliyyətinin daha geniş təbliğ olunması qarşıda duran vacib məsələlərdəndir.

Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müxtəlif turizm mərkəzlərinə infoturlar təşkil olunur, yeni turizm marşrutlarının təqdimatları keçirilir. Belə tədbirlərdən biri avqustun 22-də Şahdağ Turizm Mərkəzində gerçəkləşdi. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən “Şahdağın hədiyyəsi” adlı aksiyada turistlərə müxtəlif əyləncələr və canlı konsert proqramı təqdim olundu.
Turizm mərkəzinə yolçuluğumuz bir qrup media nümayəndəsi ilə birlikdə paytaxtdakı Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısından başladı. Günəşli havada açıq-aydın görünən yollar Qusardan Şahdağa qalxdıqca duman və çiskinə bürünürdü. Nəhayət, Şahdağ Turizm Mərkəzindəyik. Burada media nümayəndələrinə kanatla duman və çiskindən zirvəsi görünməyən dağlara qalxmaq, dağ velosipedi, kanatla dağa dırmanma (zipline) kimi əyləncə vasitələrindən istifadə etmək üçün hər cür şərait yaradılıb.

Mərkəz yay mövsümündə də turistlərin marağındadır

Bir çoxları yay mövsümündə dincəlmək, vaxtını səmərəli keçirmək üçün ölkəmizin müxtəlif səfalı bölgələrinə - istirahət və əyləncə komplekslərinə üz tuturlar. Müasir infrastrukturu ilə seçilən Şahdağ Turizm Mərkəzi bunları nəzərə alaraq yay mövsümündə də əyləncə və gözəl təbiətdən zövq almaq istəyən turistlər üçün öz xidmətlərini təklif edir. “Şahdağın hədiyyəsi” aksiyasında da turistlərə birgünlük daha ucuz qiymətə xidmətlər təklif olundu.
Bu barədə məlumat verən mərkəzin əməkdaşı Rüstəm Nəcəfov bildirir ki, aksiya çərçivəsində turistlər üçün xüsusi endirimlər edilib: “Yay mövsümündə turistlərin istirahət günlərini daha səmərəli və maraqlı keçirmələri üçün bütün yaş qruplarına uyğun xidmətlər təklif edirik. Macəralar parkından şişirdilmiş qalalara və kvardosikllərdə gəzintiyə, həmçinin Nordik gəzintisinə qədər müxtəlif növ idman oyunları təşkil olunur. Eyni zamanda kanatla dağa dırmanma, bob kart, dağda velosiped gəzintisi, peyntbol, trotinet, trekkinq, atla gəzinti, seqveylə gəzinti, dağ gəzintisi kimi əyləncələr də buraya daxildir. Mərkəzdə həmçinin həftəsonu musiqi sədaları altında pikniklər və digər maraqlı əyləncələr üçün də əlverişli şərait yaradılıb. Aksiya çərçivəsində turistlərə üç əyləncə növünü birlikdə 5 manata hədiyyə olaraq təqdim edirik”.
Şahdağ Turizm Mərkəzinin turistlərin daim marağında olduğunu deyən R.Nəcəfov yay mövsümündə də xeyli sayda qonaq qəbul etdiklərini bildirir: “Ümumiyyətlə, mərkəzimiz qış turizm mövsümündə olduğu kimi, yay mövsümündə də turistlərin diqqətində olub. İyun ayının 15-dən bu günə qədər mərkəzə 15 mindən çox turist gəlib. Onların arasında ölkə vətəndaşları çoxluq təşkil etsə də, xarici turistlər də buraya böyük maraq göstərirlər”.

Uşaqlar da aksiyadan yararlandılar

Aksiyadan yararlanan, əyləncələrdən zövq alan turistlər arasında “Gənc Heydərçilər” hərbi-vətənpərvərlik düşərgəsinin uşaqları da vardı. Öyrəndik ki, Qusar rayonu ərazisində, N saylı hərbi hissədə yerləşən “Gənc Heydərçilər” hərbi-vətənpərvərlik düşərgəsi Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərir.
Düşərgənin əməkdaşı Faiq Məmmədov bildirir ki, əsas məqsədləri uşaq və yeniyetmələrin hərbi-vətənpərvərlik ruhunda böyüməsinə xidmət göstərməkdir: “Gənc Heydərçilər” düşərgəsində aztəminatlı, şəhid ailələrinin və Qarabağ əlillərinin, hərbçi ailələrinin uşaqları, internat və orta məktəblərin əlaçı şagirdləri cəlb olunub. Budəfəki düşərgədə olan qrupu Müdafiə Nazirliyi ilə Bakının Səbail Rayon İcra Hakimiyyəti təşkil edib. “Şahdağın hədiyyəsi” aksiyasında iştirakımız isə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşir. Aksiyada 8-15 yaş arası, 200-ə yaxın düşərgə sakini Şahdağ Turizm Mərkəzində yay əyləncələrindən pulsuz istifadə etmək şansına sahibdirlər”.
10 ildən çoxdur fəaliyyət göstərdiklərini deyən F.Məmmədov bu illər ərzində 3500-dən çox şagirdin yay düşərgələrindən istifadə etdiyini bildirdi: “Ölkəmizin tarixi, mədəniyyət abidələri, füsunkar təbiəti olan bölgələri ilə tanış olan “kiçik əsgərlər”, eyni zamanda ordumuzun sahib olduğu müxtəlif atıcı silahlarla tanış olur, onlardan praktik atışlar həyata keçirirlər. “Gənc Heydərçilər” hərbi-vətənpərvərlik düşərgəsinin devizi isə “Kiçik əsgərlər” istirahətdən çox vətəni düşünür” adlanır”.

Şahdağın ətəyində canlı konsert

Aksiya çərçivəsində müxtəlif əyləncə növlərindən yararlanan turistlər, “Gənc Heydərçilər” hərbi-vətənpərvərlik düşərgəsinin şagirdləri və media nümayəndələri axşam saatlarında canlı konsert proqramını izlədilər. Konsertdə tanınmış müğənnilərin ifaları ilə yanaşı, müxtəlif rəqs nömrələri də təqdim olundu. Konsert proqramı gecə saatlarında əsrarəngiz görüntülərlə yadda qalan atəşfəşanlıqla yekunlaşdı. Beləcə Şahdağ Turizm Mərkəzinə səfərimizi başa vurub Bakıya yola düşdük.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar