Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi və Fransanın "Challenge Tourisme" Assosiasiyasının təşəbbüsü ilə 3-6 sentyabr tarixində Bakıda "Açıq innovasiya və turizm" mövzusu üzrə tədbir keçirilir. Bununla bağlı Fransanın turizm sənayesi nümayəndələrindən ibarət geniş heyət ölkəmizə gəlib.
20 ildən artıq təcrübəyə malik olan və turizm üzrə elmi tədqiqat mərkəzi (Think Tank) rolunu oynayan "Challenge Tourisme" Assosiasiyası Fransanın bu sahədə fəaliyyət göstərən təşkilatlarının rəhbərlərini özündə birləşdirir.
Nümayəndə heyətinin tərkibində bir sıra tanınmış turizm və səyahət agentliklərinin və turizm sahəsində məlumat təşkilatlarının, o cümlədən "Tourmag.com", "TV Tourisme" və "ITourisme" təşkilatlarının təmsilçiləri yer alıb.
Tədbirlər çərçivəsində sentyabrın 5-də "Fairmont Baku" mehmanxanasında Azərbaycan turizm potensialına həsr olunmuş təqdimatın keçirilməsi, həmçinin yerli turizm şirkətləri ilə ikitərəfli görüşlərin təşkili planlaşdırılır.
Səfər çərçivəsində qonaqlar Şirvanşahlar Sarayı, Xalça Muzeyi, Qız qalası və Qobustan Milli Tarixi-Bədii Qoruğu ilə də tanış olacaqlar.