Elektron turist vizasının verilməsi hüququnu əldə etmək istəyən şirkətlərin nəzərinə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyun 2015-ci il tarixli 247 nömrəli qərarı ilə "Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası" təsdiq edilmişdir.
Yeni qayda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 38.7-ci maddəsinə uyğun olaraq hazırlanıb və turistlərə elektron viza hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin Mədəniyyət və Turizm Nazirliyində akkreditasiyadan keçməsini təmin edir.
Qeyd olunanlara əsasən, turizm şirkətləri tərəfindən akkreditasiyadan keçmək üçün müvafiq ərizə və tələb olunan sənədlər Nazirliyin Turizm şöbəsinə təqdim oluna bilər (qaydalar əlavə olunur).
Əlaqə telefonu: 492-88-50.


Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin
Turizm sənayesi ilə iş sektoru




Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2015-ci il 29 iyun tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmişdir



1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 38.7-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində (bundan sonra - Nazirlik) akkreditasiyadan keçməsi qaydasını müəyyən edir.
1.2. Turizm fəaliyyətinə verilmiş xüsusi razılıq (lisenziya) əsasında 1 (bir) ildən az olmayaraq fəaliyyət göstərən turizm şirkətləri akkreditasiyadan keçmək üçün müraciət etmək hüququna malikdirlər.

2. Akkreditasiya qaydası

2.1. Akkreditasiyadan keçmək üçün turizm şirkəti ərizə ilə Nazirliyə müraciət etməlidir.
2.2. Ərizədə aşağıdakılar göstərilməlidir:
2.2.1. turizm şirkətinə verilmiş lisenziyanın qeydiyyat nömrəsi;
2.2.2. turizm şirkətinin əlaqələndirici şəxsi haqqında məlumat.
2.3. Ərizəyə turizm şirkətinin son 3 (üç) ay ərzində Azərbaycan Respublikasına gətirdiyi xarici turistlərin sənədlərinin surətləri (xarici turizm şirkəti və ya turistlərlə bağladığı müqavilənin (vahid bir sənədin) və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 406.3-cü maddəsinə əsasən sənədlər mübadiləsi formasında bağlanmış müqavilələr üzrə yazışmanın, habelə bu cür müqavilə əsasında edilmiş ödənişlər üzrə sənədlərin surətləri) əlavə edilməlidir.
2.4. Ərizəyə Nazirlik tərəfindən baxılmasının və qərar qəbul edilməsinin ümumi müddəti 10 (on) iş günüdür.
2.5. Ərizə Nazirliyə daxil olduqdan ilk 5 (beş) iş günü ərzində onun bu Qaydanın 2.1-2.3-cü bəndlərində müəyyən edilmiş tələblərə cavab verməsi məsələsi araşdırılır. Əgər hər hansı məlumat və ya sənəd çatışmırsa, bununla bağlı ərizəçiyə sorğu göndərilir və 3 (üç) iş günü müddətində ərizənin həmin tələblərə uyğunlaşdırılması təklif edilir. Sorğuya cavab verildikdə, həmin cavaba ümumi müddətin qalan hissəsi ərzində baxılır.
2.6. Nazirlik tərəfindən ərizəçiyə sorğu verildikdə, həmin ərizəçi 3 (üç) iş günü müddətində tələb edilən məlumatları və (və ya) sənədləri təqdim etməlidir.
2.7. Ərizəyə Nazirlik tərəfindən baxılması nəticəsində akkreditasiyadan imtina üçün əsas olub-olmaması araşdırılaraq, turizm şirkətinin akkreditasiyadan keçməsi və ya akkreditasiyasından imtina barədə qərar qəbul edilir, bu barədə ərizəçiyə məktub verilir.
2.8. Turizm şirkətinin akkreditasiyasından aşağıdakı hallarda imtina edilir:
2.8.1. Nazirlik tərəfindən sorğu edilən sənədlər və (və ya) məlumatlar təqdim edilmədikdə və ya natamam olduqda;
2.8.2. təqdim edilmiş sənədlərdə yanlış məlumatlar olduqda.
2.9. Akkreditasiyadan imtinaya səbəb olmuş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra həmin turizm şirkəti turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün yenidən müraciət edə bilər.

3. Akkreditasiya müddəti, akkreditasiyanın qüvvədən düşməsi və ləğvi

3.1. Turizm şirkəti turizm fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziyanın qüvvədə olduğu müddətə akkreditasiya olunur.
3.2. Turizm fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziyanın fəaliyyəti dayandırıldıqda, bu Qaydaya uyğun verilmiş turizm şirkətinin akkreditasiyasının da qüvvəsi eyni müddətə dayandırılır.
3.3. Turizm şirkətinin akkreditasiyası aşağıdakı hallarda qüvvədən düşmüş hesab edilir:
3.3.1. turizm şirkətinin müvafiq müraciəti olduqda;
3.3.2. turizm fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziyanın müddəti bitdikdə;
3.3.3. turizm fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edildikdə.
3.4. Turizm şirkətinin akkreditasiyası aşağıdakı hallarda ləğv edilir:
3.4.1. bu Qaydanın 4.2-ci bəndinə uyğun olaraq turizm şirkətinə xəbərdarlıq olunduqdan sonra müvafiq statistik məlumatlar təkrarən təqdim edilmədikdə;
3.4.2. akkreditasiyadan keçməsi üçün təqdim edilən sənədlərdə yanlış məlumat aşkar edildikdə.

4. Yekun müddəalar

4.1. Akkreditasiyadan keçmiş, akkreditasiyası qüvvədən düşmüş və ya ləğv edilmiş turizm şirkətləri haqqında məlumat Nazirliyin internet səhifəsində, habelə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində yerləşdirilir.
4.2. Akkreditasiyadan keçmiş turizm şirkətləri Nazirlik tərəfindən təqdim olunmuş hesabat formasına uyğun olaraq hər rübün ilk 10 (on) günü ərzində ötən rüb üzrə elektron viza rəsmiləşdirilməsi ilə bağlı statistik məlumatları Nazirliyə təqdim etməlidir. Statistik məlumatlar bu müddət ərzində təqdim edilmədikdə, Nazirlik tərəfindən ona xəbərdarlıq məktubu göndərilir və təkrarən tələb edilir.
4.3. Nazirliyin vəzifəli şəxslərinin akkreditasiya ilə bağlı qəbul etdiyi qərarlardan və hərəkətlərindən inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
4.4. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun olaraq edilə bilər.