Layihədə qarşıdakı 10 ildə ölkədə turizmin əsas inkişaf istiqamətləri və prioritet məqsədlər əksini tapıb
Günü-gündən qloballaşan və ölkə iqtisadiyyatının şaxələndirilməsində özünəməxsus rol oynayan turizm sənayesinin dəqiq və kompleks planlaşdırılması prosesinin davam etdirilməsi mühüm məsələlərdən biridir. Bu baxımdan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan araşdırma və təhlillər sözügedən sənayenin Azərbaycanda daha effektiv və davamlı şəkildə inkişaf etdirilməsi üçün özündə müvafiq tövsiyələri əks etdirən strategiyaya ehtiyac duyulduğunu göstərir.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış "2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası" layihəsi ölkəmizdə turizm sənayesinin mövcud vəziyyəti, inkişaf potensialı, turizmin inkişafında hökumətin rolu, maraqlı tərəflər arasında potensial əməkdaşlıq formaları, bu əməkdaşlıqların uğurla qurulması metodları və bir sıra digər mühüm elementlər haqqında məlumat və tövsiyələri əks etdirən sənəddir.
Azərbaycanı cəlbedici və uğurlu turizm məkanına çevirmək üçün dövlətin turizm siyasətinin dörd əsas strateji prinsip üzərində qurulmasını tövsiyə edən Strategiya sənayenin inkişafı üçün əlverişli iqtisadi mühitin yaradılması, turizm məhsulunun müxtəlifliyi, sənaye standartlarının təkmilləşdirilməsi və ictimai marağın qorunması şərtilə zəruri stimullaşdırma, planlaşdırma, koordinasiya, araşdırma və statistik köməyin təmin edilməsinə dair müxtəlif təkliflər təqdim edir.
Bununla yanaşı, sənəddə institusional strukturun təkmilləşdirilməsi, infrastruktur inkişafının gücləndirilməsi, turizm təcrübəsinin müxtəlifliyi, marketinq və kommunikasiya sistemində peşəkarlığın artırılması olmaqla 4 əsas inkişaf istiqaməti haqqında geniş məlumat və ölkədə turizmin daha əsaslı inkişafı üçün bu sahələrdə dövlət tərəfindən hansı məqsədlərə nail olunması haqqında müvafiq tövsiyələr verilir.
"2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası" təsdiq edilməsi məqsədilə aidiyyəti quruma göndərilib və hazırda razılaşdırılma mərhələsindədir.