“Caspian European Club”un növbəti biznes-forumu bu mövzuya həsr olunmuşdu

Sentyabrın 9-da “Avropa” hotelində “Caspian European Club”un təşkilatçılığı, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun sədrliyi ilə biznes-forum keçirildi. Tədbirdə turizmin inkişaf perspektivləri, dünya iqtisadi böhranının Azərbaycanın turizm sahəsinə təsiri, dövlət strukturlarının biznes nümayəndələri ilə əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olundu.

Biznes-forumda Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərbaycan Hava Yolları”nın (AZAL), ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndələri, yerli turizm şirkətlərinin təmsilçiləri iştirak edirdi.
Əvvəlcə “Caspian European Club”un baş icraçı direktoru Telman Əliyev tədbirlə bağlı məlumat verdi. Qeyd etdi ki, biznes-forum çərçivəsində şirkət təmsilçiləri onları maraqlandıran suallara cavab tapmaq, ölkəmizdə turizmin inkişafı və perespektivləri ilə bağlı müzakirə aparmaq imkanı əldə edəcəklər.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov belə tədbirlərin təşkilinin ölkəmizdə turizm sahəsinə diqqətin göstəricisi olduğunu vurğuladı. Dünyada gedən iqtisadi proseslərin turizmə təsirindən danışan nazir müavini qlobal iqtisadiyyatın son illər ərzində qeyri-sabit olmasına baxmayaraq, ümumilikdə turizm sənayesində inkişaf meyllərinin gücləndiyini vurğuladı: “Hazırda turizm inkişaf etməkdə olan biznes sahələrindən biridir. Dünya üzrə ümumi daxili məhsulun 9 faizi, hər 15 iş yerindən biri turizm sənayesinin payına düşür. Bununla yanaşı xidmət sahələri üzrə dünya iqtisadiyyatının üçdəbiri beynəlxalq turizm vasitəsilə həyata keçirilir”.

Ölkə iqtisadiyyatının şaxələndirilməsində turizmin payı artır

Nazir müavini ölkəmizdə qeyri-neft sektorunun, xüsusilə də turizm sənayesinin inkişafı, turizmin ölkə iqtisadiyyatının şaxələndirilməsində rolu, bu sektorda aparılan islahatların müsbət nəticələri haqqında məlumat verdi. Turizmlə bağlı həyata keçirilən iri layihələrdən, yaradılan yeni infrastrukturdan söz açan Nazim Səmədov bildirdi ki, Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqəti nəticəsində uğurlu nəticələr əldə olunub. Turizmlə əlaqədar infrastrukturun inkişafı, yeni qanunvericiliyin hazırlanması, ölkəmizin beynəlxalq proqramlarda iştirakı bu sahənin sürətli inkişafına şərait yaradıb. Ölkə iqtisadiyyatının şaxələndirilməsində turizmin payı artmaqdadır. Turizm sahəsinin ölkə iqtisadiyyatının əsas istiqamətlərindən birinə çevrilməsi məqsədilə 2002-2005 və 2010-2014-cü illər üzrə turizmin inkişafı ilə bağlı dövlət proqramları qəbul olunub, 2011-ci il ölkəmizdə turizm ili elan olunub.
Statistikaya nəzər salan nazir müavini bildirdi ki, 2005-ci ildən bu günədək ölkəmizə gələn xarici turistlərin sayı 1,1 milyondan 2.3 milyona, hotellərin sayı 262-dən 535-ə qədər artıb. Həmçinin yerləşdirmə yerlərinin sayı 22 mindən 35 minə, turizm müəssisələrinin sayı 197-dən 286-ya, xarici turistlərin ölkəmizdəki xərclərinin həcmi 1,3 milyard manata, turizm və aidiyyəti sahədə çalışan işçilərin sayı 42 minə, ümumi daxili məhsulda turizmin payı 4,1 faizə çatıb.
Azərbaycanda turizmin davamlı inkişafı ölkənin beynəlxalq reytinqlərində də özünü göstərir. Dünya İqtisadi Forumunun 2015-ci il üçün “Səyahət və Turizm Rəqabətliliyi Hesabatı”nda ölkəmiz 141 ölkə arasında insan resursları və əmək bazarı göstəricisinə görə 36-cı, biznes mühiti göstəricisinə görə 65-ci, insan resursları və əmək bazarı göstəricisinə görə isə 36-cı yeri tutub və bununla da bir sıra Avropa ölkələrini geridə qoyub.

Qonşu ölkələrdən gələn turist sayında azalma nə ilə bağlıdır?

Nazim Səmədov bildirdi ki, cari ildə Azərbaycana gələn turistlərin sayında müəyyən azalma baş verib. Bu da dünyada gedən iqtisadi böhranın nəticəsi kimi qiymətləndirilir. Daha çox Rusiya və Gürcüstandan gələn turistlərin sayında azalma var: “Azərbaycana Rusiyadan gələnlərin sayında 87 min nəfər, Gürcüstandan gələnlərin sayında isə 60 min nəfər azalma qeydə alınıb. Hazırda Rusiyada və bir çox ölkələrdə iqtisadı böhran var. Bu da alıcılıq qabiliyyətinə və turist axınına öz mənfi təsirini göstərir. Buna görə də biz bu azalmaya hazır idik. Digər istiqamətlər, yəni Fars körfəzi, Avropa, hətta Afrika ölkələri və Avstraliya istiqamətlərindən artım müşahidə olunur”.
Nazim Səmədov Mədəniyyət və Turizm Nazirliyinin sahənin inkişafı ilə bağlı gördüyü işlər, qəbul edilmiş müvafiq dövlət sənədləri barədə də danışdı, ev saibliyi etdiyimiz beynəlxalq tədbirlərin ölkənin müsbət imicin formalaşmasında oynadığı rol, turizm sahəsinə investisiyaların cəlb olunması mexanizmləri, turizm imkanlarımızın xarici ölkələrdə təbliği barədə fikirlərini də biznes-forumun iştirakçılarının nəzərinə çatdırdı.
Sonra tədbir dialoq şəklində davam etdirildi.
Qeyd edək ki, “Caspian European Club” regional təşkilat olaraq 2002-ci ildə Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən iri neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. Klub dövlət qurumları ilə özəl sektor arasında səmərəli dialoqun qurulması istiqamətində fəal iş aparır.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar