Sentyabrın 15-də ölkənin bütün təhsil ocaqlarında olduğu kimi, Azərbaycan Turizm və Menecment Universitetində də yeni dərs ilinin başlanması və “Bilik günü” münasibətilə təntənəli mərasim keçirildi.

Tədbiri ATMU-nun rektoru, professor Cəfər Cəfərov açaraq 2015/2016-cı dərs ilinin başlanması münasibətilə müəllim-tələbə heyətini, xüsusilə 1-ci kursa qəbul olunan tələbələri təbrik etdi. Bildirdi ki, Prezident İlham Əliyevin 22 dekabr 2014-cü il tarixli müvafiq sərəncamı ilə Azərbaycan Turizm İnstitutunun bazasında Azərbaycan Turizm və Menecment Universiteti yaradılıb. Gənclərin bu təhsil ocağına marağı ildən-ilə artır və bu, qəbul olunan tələbələrin yüksək nəticələrində də özünü göstərir. Bu il universitetə qəbul olunanların 30 faizi 400-dən yuxarı, 44 nəfər 500-dən, 12 nəfər isə 600-dən çox bal toplayıb.
Qeyd olundu ki, ötən müddətdə təhsil ocağının bakalavr pilləsini bitirən 1312 məzundan 70-i sonradan təhsilini davam etdirərək magistr dərəcəsi alıb. İkili diplom proqramından söz açan rektor indiyədək 116 nəfərin bu ali məktəblə yanaşı Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin də diplomunu qazandığını dedi.
2015/2016-cı tədris ilində universitetə 12 ixtisas üzrə 406 tələbə qəbul olunub. Ümumilikdə isə ATMU-da bakalavr pilləsində 1710 nəfər, magistr pilləsində 107 nəfər, doktorantura pilləsində 61 nəfər təhsil alacaq. Ali məktəbin həyatında baş verən yeniliklərdən biri də “Turizm və hotelçilik” ixtisası üzrə 2 xüsusi qrupun təşkilidir. 39 tələbə həmin qruplarda ingilis dilində təhsil alacaq.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yeni tədris ilinin başlanması münasibətilə tələbə və müəllimləri təbrik etdi. Ali məktəbin artıq 10-cu tədris ilinə başladığını deyən nazir təhsilə dövlət qayğısından danışdı: “Ölkə rəhbərliyinin bilavasitə diqqət mərkəzində olan turizm sənayesinin inkişafı bu təhsil ocağında yetişən kadr potensialının hazırlıq səviyyəsindən asılıdır. Turizmin milli iqtisadiyyatımızın strateji istiqaməti kimi müəyyənləşdirilməsi universitet üçün yeni imkan və perspektivlər açır”.
Nazir bildirdi ki, bu gün turizm sənayesi bütün dünyada iqtisadiyyatın ən gəlirli sahələrindən birinə çevrilib. Məhz buna görə dövlətimiz bu sahənin inkişafına böyük diqqət və önəm verir. 10 il öncə ölkəmizdə 262 hotel var idisə, indi onların sayı 535-ə çatır. Hər il yeni turizm mərkəzləri açılır. Həmin müəssisələrə yüksəkixtisaslı kadrların hazırlanması baxımdan Turizm və Menecment Universitetinin böyük gələcəyi var.
Əbülfəs Qarayev bildirdi ki, ali təhsil müəssisəsinin əsas vəzifəsi yüksəkixtisaslı və vətənpərvər kadrların yetişdirilməsidir: “Bu məqsədlərə nail olmaq üçün Mədəniyyət və Turizm Nazirliyinin və universitetin rəhbərliyi bütün mümkün tədbirləri görür. Ancaq bununla yanaşı, daha yüksək nailiyyətlər əldə etmək üçün siz tələbələrin üzərinə böyük məsuliyyət düşür. Azərbaycanın tarixini, mədəniyyətini dünyaya tanıtmaq sizlərin borcudur. Daim öyrənməyə çalışmaqla, savadlı, peşəkar mütəxəssis olmaqla yanaşı, vətənini sevən, məsuliyyətli vətəndaş olmalı, ölkəmizi layiqincə təbliğ edib tanıtmalısınız”.
ATMU-nun müəllim və tələbə heyətinə yeni dərs ilində uğurlar arzulayan nazir universitetə yüksək balla qəbul olunan tələbələrə tələbə biletlərini təqdim etdi.

F.Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar