Ölkənin turizm imkanlarının, mədəni irsinin, tarixi məkanlarının, gəzməli-görməli yerlərinin tanıtma və təbliğində səviyyəli, zövqoxşayan təqdimat vasitələri böyük önəm kəsb edir. Bu baxımdan müxtəlif reklam-çap məhsullarının, bələdçi nəşrlərinin xüsusi rolu var. 2014-cü ilin aprelindən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, “Mədəniyyət” qəzetinin əlavəsi olaraq nəşr edilən “Baku Guide” bələdçi kataloqu da artıq bu nəşrlər arasında öz yerini tutub.
Ayda bir dəfə Azərbaycan, ingilis və rus dillərində işıq üzü görən kataloqda ölkəmizə gələn turistlər üçün maraq doğuracaq informasiyalar, müxtəlif mövzularda yazılar, paytaxtımızın mədəni həyatı, teatr və konsert müəssisələrinin repertuarı, muzey və sərgi salonlarının afişası, hotel, restoran, ticarət və əyləncə məkanları, turizm agentləri və s. barədə məlumatlar təqdim olunur.
Nəfis tərtibatı, maraqlı dizaynı və dolğun məlumatları ilə seçilən nəşr şəhərimizin qonaqları üçün əsl bələdçi rolunu oynayaraq ölkəmizin turizm potensialının, mədəniyyətinin təbliği missiyasını layiqincə yerinə yetirməyə çalışır.
“Baku Guide” bələdçi kataloqunda ölkəmizin turizm müəssisələri, göstərilən xidmətlər, eləcə də şəhərin mədəni gündəmi və əyləncə dünyası ilə bağlı yeniliklər, ən müxtəlif informasiyalarla yanaşı, paytaxtın işgüzar həyatı, beynəlxalq konfrans və festivallar, idman yarışları, digər tədbirlər haqqında məlumatlar da verilir.
Kataloq bu baxımdan şəhərimizin qonaqları ilə yanaşı, aktiv mədəni istirahətə üstünlük verən şəhər sakinləri üçün də dəyərli informasiya mənbəyidir.
“All about Baku” - “Bakı haqqında hər şey” konseptində qurulan nəşrdə həmçinin paytaxtın gəzməli-görməli yerlərindən, şəhər ətrafındakı tarixi məkanlardan bəhs olunur, turistləri maraqlandıra biləcək suallar cavablandırılır.