Xəbər verdiyimiz kimi, sentyabrın 12-də Kolumbiyanın Medelin şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının ali orqanı olan Baş Assambleyasının 21-ci sessiyası keçirilir. 120 ölkənin təmsil olunduğu sessiyaya mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də qatılıb.
Sessiyanın sentyabrın 14-də keçirilən iclasında təşkilatın bir sıra strukturlarına seçkilər olub. Azərbaycan Turizm Assosiasiyası (AZTA) idarə heyətinin sədri Nahid Bağırov növbəti 2 il müddətinə Ümumdünya Turizm Təşkilatına qoşulmuş üzv dövlətlərin Avropa üzrə vitse-prezidenti seçilib.
Xatırladaq ki, AzTA-nın sədri 2013-cü ildə keçmiş sovet respublikaları içərisindən ilk dəfə ÜTT-də bu vəzifəyə seçilmişdi. Bu gün quruma qoşulmuş üzv dövlətləri 400 təşkilat təmsil edir. Bunlar hava yolları, turizm şirkətləri və büroları, reklam agentlikləri, universitetlər, turizm biznes məktəbləri, məşhur mehmanxanalar və digər təşkilatlardır.