Doğrudan da heyrət! Çünki bu calibi-heyrət düha poetik vüsəti və ideyalar aləmi ilə tək indi bizləri yox, öz müasirlərini də heyrət və həsəddə saxlamışdı. Ən “dəhşətlisi” isə o quruluşun (qurulmamış olaydı) ağı olub aşına qarışmışdı. Halbuki canında, qanında “hərbdən, siyasətdən zövq”ə dair əsər-əlamət olmayan Cavid əfəndi humanist düşüncənin bayraqdarı idi. Bu bayraqdarlıq, “məşəl tutanlıq” millət və azadlıq qənimlərinin karına gəlirdimi? Əsla!..
   
   Bən ağlamazdım, bəni ağlatdılar,
   Qayğı bilməz könlümü qanatdılar,
   Beş günlük ömrümə ağu qatdılar,
   Yar intizarında inlər, ağlarım.

   
   Dövran təkcə adamları ağladan dövran deyildi, o həm də adamların “anasını ağladan” müstəbid idi. Çox sonralar Hüseyn Cavidin bir adaşı (Hüseyn Bağıroğlu) yazacaqdı ki, “Bu fani dünyaya göz açmadım ki, Mən bu dağılmışla üz-üzə gəldim!” Cavid bircə “dindirən əsrlə” üz-üzə gəlsəydi, dərd yarı idi. Bu əfəndi fikir öndəri, tərs kimi dişədən (dəyirmanın alt daşını dişəyərdilər ki, üyütmə prosesi sürətlənsin) əsrə ürcah olmuşdu. Cavid üçcə əzizdən-əzizinə ağlamayacaqdı, Vətənin ayıq-sayıq başlarının repressiya dibəyinə atılmağına ağlayacaqdı: necə ki ağladı da...
   
   O, tüstüdə, boğanaqda yazıb-yaradırdı...
   
   Cavid “darvazamızı fələk vurubdu” yazı prosesinə yad idi. Gözəllik və sevgi biçimində şeyda olduğu Rəbbi ona yaz yağışına möhtac olmadan “qamən axan” dağ çayı kimi fikir və düşüncə seli vermişdi. Bununla belə, “Allah bir tərəfdən verəndə, o biri tərəfdən alır” deyimi də yada düşür və bu inanca sığınaraq təəssüf və tərəddüd içində qalırsan. Çünki filosof ədib əsərlərini, demək olar ki, tüstünün içində yazıb-yaradırdı. Bir az qəribə səslənir, hə? Evdə vücudunu zəhərləyən siqaret tüstüsü, bayırda əsarətçilərin toz-boğanağı... “Qüruba qarşı” dartılan talelərə göynəyən ustad qəlbindən bunlar qopurdu:
   
   Bütün ətrafı sarmış bir məlal;  ağlar, cihan ağlar,
   Gönül məhzun, hava məhzun, günəş məhzun, səma məhzun...
   Ancaq nə deyəsən, bu əcaib-qəraib atmosferdə elə zərgər-ədib dəqiqliyi, ideya-sənətkarlıq kamilliyi sərgiləyib ki, yenə heyrət!.. Belə məqamda deyərlər: “Tanrı qələm çəkib sanki”...
   
   Cihan cənnət olsa, insanlar mələk,
   Dağlar inci saçsa, dənizlər çiçək,
   Güldürsə, həp ağlar gözləri fələk,
   Sağalmaz yarası məhzun gönlümün.
   
   Yox, Cavid baba, bu tək Sənin (belə müraciətimə görə ruhun məni bağışlasın!) yaran, qadan deyil, adamı dəhşətə gətirən sayda, hesabda soydaşlarının, varislərinin azarı-bezarıdır...
   
   Yoq kimsədə insafü-mürüvvət!..
   
   Var idi, insaflısı da, vicdanlısı da. Sənin qüdsiyyətini axıradək etiraf edənlərin ruhundan bu dəqiqə ehtiyatlanır və rəhmət deyirəm. O “aman Allah!” əyyamında qovula-qovula namərdə dönən biçarələr də az olmadı. Bir də ki, müdriklərimiz demişkən, qanında namərdlik olmayanın sonradan namərdə çevrilməsi mümkünsüz görünür... Vulkanların səhraları sarsıtmağını, insanların canlar yaxdığını, evlər yıxdığını “əlinin içi kimi” bilən Cavid ömrünü ancaq könülləri “imarət eyləməyə” həsr etdi. Ev quran olsa da, onun və onun kimilərin isti ocağını alt-üst etdilər. Bircə söz qalasını “işğal” etməyə gücləri çatmadı, çata da bilməzdi. Çünki “idrakı sönük başçıların qəfləti ancaq” azad düşüncəyə, taqətli və ötkəm sözə qənimlikdən, itir-batırdan, götür-apardan savayı heç nəyə yaramırdı.   

   O, “tərbiyə” olunmaz idi...
   
   “Altmış yaşda təzə şəyird kimi” (Dədə Ələsgərə Naxçıvanda deyilmişdi) quruluşun “yaradıcılıq institutu”na zorən çağırılması və onun məzun olmaq istəməməsi Cavidi “tərbiyə” olunmaz kimi məşhur etmişdi. Bir ata deyimindəki “gördün, hamı gözüqıpıq, sən də ol gözüqıpıq” hökmünü şair və yazıçıların “boynuna qoyan” üzdə ədəbiyyat “mayakları” Cavid əfəndiyə də “göy əski” hazırlayırdılar. Necə ki qondarılmış “ədəbi məhkəmələr” qara siyahıya aid sənədlərin “kötüyü” idi. Əstəğfürullah, Cavidi-biçarə o “məktəb”in yetirməsi olsaydı, əsrlər sonra belə xalqının üzünə necə “baxardı?!” Yoxsa onun da irsinin üstü gün işığına həsrət qalardı...
   
   Dövrün qarğa-həkimləri
   
   Babam, Sənin haqqında nələr dedilər... Ancaq çağının və türk ümmətlərinin görkəmli ideologiya bağbanı, söz hakimi, dermatoloq-həkim... möhtərəm Əli bəy Hüseynzadə Sənin ədəbi zövqünü və irsini çox ciddi müayinə edib belə bir diaqnoz qoymuşdu: “Əcəba, bizim ədəbiyyatımızda Cavid nə yapdı? Bu suala cavab vermək üçün az-çox təfsilata lüzum vardır. Cavidə qədər Azərbaycan ədəbiyyatında şair yox deyildi. Vardı. Lakin bunlar Cavid kimi yeni “Cavid”in lisanındakı müvəffəqiyyəti əldə edə bilmədilər... Cavidə qədər bizə, türk lisanını əruz vəzninə layiqi ilə tətbiq edən yox deyilsə səzadır... Cavid incə ruhlu bir şair olmaq ilə bərabər, türk dilini əruz vəzni ilə qarışdıran və bir-birindən ayrılmaz bir hala salan sənətkardır”. Dövrün qarğa-həkimləri isə yox yerdən Səndə müxtəlif “patologiya”lar, çarəsiz dərdlər aşkar etdilər. Allaha pənah!..
   
   Gah İran-Turandan yazdı, - dedilər,
   Gah gözəllərlə arası sazdı, - dedilər,
   Gah xalqın tarixin qazdı, - dedilər,
   Bəşər həqiqətin yazdı, - demədilər...
   
   Sabir Dədəmiz həqiqətin timsalında günəşin mövcudluğunu bilmərrə dana bilmədiyini etiraf edirdi. Ancaq əli qana (özü də seçkin, yaradıcı insanların qanına) batmışlar nəinki həqiqəti rahatca dandılar, hətta kökünün üstündə ocaq da qaladılar (elimizdən qopan “Kökünün üstündə od qalansın” bədduası kimi).
   
   Təməddünün sonu vəhşətdir, Cavid əfəndi!
   
   Bəli, təməddünün (mədəniyyətin, o da şərti olaraq!) sonu vəhşətdir, əcəbasız, filansız. “İşıqlı” gələcək adı altında yarızülmət günlər vəd verən “çılğın dərəbəglər” sizləri cismani və ruhani sarıdan fövt etməklə xalqımızın ümid və işığını kəsmək istədilər. Ancaq cismani məhvə gücləri çatdı. Cavid əfəndi, sönmək ehtimalı olan işıq yandırmadın ki, bədgüman olasan! Axı “Sən əhli-eşq için bir Kəbə yapdırdın məhəbbətdən”. Sözün Kərbəlası çoxdan var idi. Kəbəsini isə Sən yaratdın. Zəvvarların bitib-tükənməzdir və tükənməz də olacaq... İşığın tam yüz il bundan əvvəlki işıqdır: bir an belə közərmir, getdikcə daha çox gözləri qamaşdırır... Həmişə də belə bərq vuracaq. Bu, şəkk-şübhəsi olmayan HƏQİQƏTdir!..
   
   Fariz Yunisli







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar