Son illər ölkəmizdə turizmin inkişaf etdirilməsi məqsədilə bir sıra layihələr, dövlət proqramları icra olunub. Bu işlərin nəticəsi olaraq turizmin inkişafı üçün müvafiq infrastruktur qurulub, yeni istirahət mərkəzləri, hotellər inşa olunub, turizm marşrutları yaradılıb. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər də turizm sektoru üçün zəmindir.

Ölkəyə turist axının gücləndirilməsi üçün vacib şərtlərdən biri də viza rejiminin sadələşdirilməsidir. Əcnəbi vətəndaşların ölkəmizə daha rahat şəkildə gəlməsi üçün bu sahədə müvafiq tədbirlər görülür.
“Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2012-ci il tarixli sərəncamına uyğun olaraq 2013-cü ilin 15 mart tarixindən ölkəmizə turizm məqsədilə gələn turistlərə elektron turist vizalarının verilməsi tətbiq edilir. Həmçinin Nazirlər Kabinetinin 29 iyun 2015-ci il tarixli, 247 nömrəli qərarı ilə “Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası” təsdiq edilib
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Turizm sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov turizm şirkətlərinin akkreditasiyasının davam etdiyini bildirir: “Sənəd Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 38.7-ci maddəsinə uyğun olaraq hazırlanıb və turistlərə elektron viza hüququnu əldə etmək üçün ölkənin turizm şirkətlərinin Mədəniyyət və Turizm Nazirliyində akkreditasiyadan keçməsi qaydasını müəyyən edir. Yeni akkreditasiya qaydalarına uyğun olaraq əsasən gəlmə turizmi ilə məşğul olan 36 turizm şirkətinə sözügedən bu sistemdən istifadə edərək elektron turist vizası vermək hüququ verilib və bu proses davam edir”.
Sektor müdiri qeyd etdi ki, Mədəniyyət və Turizm Nazirliyindən xüsusi razılıq (lisenziya) almış, bir ildən az olmayaraq fəaliyyət göstərən və qeyd olunan qaydalardakı tələblərə uyğun gələn istənilən turizm şirkəti akkreditasiyadan keçmək üçün müraciət edə bilər. Yeni təsdiq olunmuş sənəddə akkreditasiyadan keçmək üçün lazım olan bütün sənədlərin siyahısı, akkreditasiyanın ləğvinə qədər müddəalar öz əksini tapıb.
Hər bir turist yerli elektron viza verən turizm şirkətinə elektron müraciət edir. Təqdim olunmuş sorğu Xarici İşlər Nazirliyinə təqdim olunur və bu sorğulara 10 gün müddətində cavab verilir. Bu elektron vizalar 30 gün müddətində etibarlıdır və onun qiyməti 20 ABŞ dolları həcmindədir.
“Elektron viza sistemi
turizmdə yeni səhifədir”

Elektron vizaların üstünlüyü və Azərbaycanda turizmin inkişafına təsirini dəyərləndirmək üçün sektor təmsilçilərinin fikrini öyrəndik.
“Millennium Tourism & Congress DMC”nin direktoru Ruslan Quliyev isə yeni viza qaydalarının əhəmiyyətini xüsusi qeyd etdi: “Elektron viza sisteminin tətbiqi ilə Azərbaycan turizmində yeni bir səhifə açıldı. Bu sistem turistlərin rahatlığını təmin etdiyi üçün elektron viza ilə bağlı müraciət edənlərin sayı da artır. Bu isə Azərbaycana gəlməkdə maraqlı olanların çoxluğundan xəbər verir”.
Həmsöhbətim elektron vizaların verilmə müddətinin daha da qısaldılmasının əhəmiyyətli olacağını deyir.
Qeyd edək ki, hazırda elektron turist vizaları müraciət edildikdən ən geci 10 gün müddətinə rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən bunun 5 günə salınması ilə bağlı birgə fəaliyyət həyata keçirilir.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov da elektron vizanın tətbiqinin turist sayına müsbət təsir edəcəyini bildirir: “Turistlər daha rahat yolla viza əldə etməyə üstünlük verirlər, problemlərlə qarşılaşdığı ölkələrə səfər etməyi sevmirlər. İndi bizdə də çətinliklər aradan qalxıb. Elektron viza sisteminin tətbiqi ilə xarici turistlərin daha rahat şəkildə ölkəmizə səfəri təmin olunur. Azərbaycana gəlmək istəyən xarici turistlər internet vasitəsilə müraciət edərək viza ala bilirlər. Şirkətlər də bu sistem tətbiq olunduqdan sonra turist gətirməkdə daha çox maraqlıdırlar. Çünki bu onların işində də rahatlıq yaradıb”.
Mütəxəssis elektron viza ilə bağlı yeni qaydaların tətbiq olunmasını ölkəmizdə turizmin inkişafı istiqamətində atılan növbəti uğurlu addım hesab edir.
Əlavə edək ki, Azərbaycana gəlmək istəyən xarici turistlər üçün elektron viza sisteminin tətbiqi bir sıra beynəlxalq qurumlar, o cümlədən Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı (UNWTO) tərəfindən də yüksək qiymətləndirilib.

F.Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar