Avropa Komissiyasının ekspertləri ölkəmizdə səfərdə olublar
Azərbaycanda icma əsaslı yaşıl kənd turizminin inkişafına dair konsepsiyanın hazırlanması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, qanunvericilik, marketinqlə bağlı təcrübə mübadiləsinin aparılması məqsədilə 12-16 oktyabr tarixlərində Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti (TAİEX) üzrə ekspert missiyası ölkəmizdə səfərdə olub.
Finlandiyalı və ispaniyalı ekspertlər Tapaninen Matti Tuomas və Martinez Mingueza Maria Angeles səfər zamanı "Kənd Yaşıl Turizminin İnkişafına Dəstək" İctimai Birliyinin sədri və yerli nümayəndələri, turizm şirkətlərinin icraçı direktorları, nazirliyin Turizm şöbəsinin əməkdaşları və digər maraqlı tərəflərlə məhsuldar görüşlər keçirib, müzakirələr aparıblar.
Qonaqların İsmayıllı rayonunun Lahıc qəsəbəsinə tanışlıq turu təşkil edilib. Qəsəbədə icra hakimiyyətinin yerli nümayəndəsi, yerli bələdiyyənin sədri, turistləri qəbul edən ev sahibləri, yerli bələdçi və muzeyin və qoruğun direktorları ilə görüşlərdə mövcud vəziyyət barədə ətraflı məlumat əldə edilib.
Oktyabrın 15-də nazir müavini Nazim Səmədov ekspertlərlə görüş keçirərək bu missiyadan nazirliyin gözləntiləri barədə fikir mübadiləsi aparıb.
Layihənin yekununda təqdim olunacaq tövsiyələrə uyğun olaraq növbəti mərhələyə dair işlər davam etdiriləcək.