Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Qətibə Vaqifqızının transfoneliterasiya və tərtib etdiyi “Əlabbas Müznib: Azərbaycan ədəbiyyatından seçmələr” kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. Yeni nəşrdə repressiya qurbanı olmuş şair, publisist, ədəbiyyatşünas, tərcüməçi, naşir Əlabbas Müznibin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin həyat və yaradıcılığı haqqında topladığı materiallar təqdim olunur.
   Kitabda müxtəlif dövrlərdə yaşamış söz sənətinin ustad ədibləri - Həbibi, Məsihi, Qövsi, Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Aləm, Tuti, Nəbati, Qasım bəy Zakir, Aşıq Pəri, Natəvan, Baki, Məxfi və digər şairlərin şeirlərindən nümunələr yer alıb, Müznib tərəfindən aparılmış təhlillər, müqayisələr, elmi-tənqidi münasibətlər əksini tapıb. Ədəbiyyat tarixi mütəxəssisləri və ədəbiyyatsevərlər üçün nəzərdə tutulmuş kitab yeni şeir nümunələri və məlumatlarla zəngindir.