İlk olaraq marşruta Qalaaltı turizm-müalicə mərkəzi daxil edilib
Oktyabrın 19-20-də Türkiyənin Bursa şəhərində Avropanın Tarixi Termal Şəhərlər Assosiasiyasının illik toplantısı keçirilib. Hazırda quruma 13 ölkə, 36 şəhər daxildir və toplantı hər il bir üzv ölkədə təşkil olunur.
İclasın açılışında Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu, Bursa valisi Münir Karaloğlu, Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının prezidenti Cüzeppe Bellandi, Bursa Şəhər Bələdiyyəsinin başqanı Rəcəb Altepe və turizm sahəsinin mütəxəssisləri qatılıblar.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Marketinq sektorunun aparıcı məsləhətçisi Günel Aslanova iştirak edib və “Azərbaycanın termal şəhərləri” layihəsinin təqdimatını keçirib.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının "Termal Şəhərlər" beynəlxalq mədəni turizm marşrutuna qoşulması ilə bağlı layihə həyata keçirilir. İclas zamanı bu barədə danışıqlar aparılıb. Bursa valisinin müavini Əhməd Hikmət Şahin Azərbaycanın quruma üzvlük üçün bütün imkanların olması barədə məlumat verib və bunun yaxın vaxtlarda gerçəkləşəcəyinə ümidvar olduğunu bildirib.
Tədbirin yekunu ilə bağlı Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının prezidenti Cüzeppe Bellandi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə məktub ünvanlayıb. Məktubda qeyd olunur ki, Qalaaltı turizm-müalicə mərkəzi (“Qalaaltı Hotel & Spa”) "Termal şəhərlər" beynəlxalq mədəni turizm marşrutuna daxil edilib.
Bildirilir ki, 2015-ci ilin iyul ayında Azərbaycanda "Termal şəhər" layihəsinə baxış keçirmək üçün assosiasiyanın eksperti Mişel Tomas Pinet və Bursa valisinin müavini Əhməd Hikmət Şahinin ölkəmizə səfəri zamanı uğurlu nəticələr əldə edilib. Məktubda Azərbaycanda səfərdə olmuş ekspertlərin iclasda çıxışları zamanı iştirakçılara müsbət hesabat təqdim etdiyi də qeyd olunur.
Xatırladaq ki, Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının heyəti Masallı, Qəbələ və Siyəzəndə (Qalalatı) termal su mənbələri və turizm infrastrukturu ilə tanış olmuşdu.