“Wizz Air” şirkəti 2016-cı ilin martından Bakıdan Budapeştə uçuşları bərpa edəcək

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası ilə “Wizz Air” Macarıstan-Polşa büdcə aviaşirkəti arasında əldə olunan razılaşmaya əsasən aviaşirkət gələn ilin martından Bakıdan Budapeştə reysləri bərpa edəcək.

Oktyabrın 28-də bu razılaşmaya uyğun olaraq Azərbaycanın “Ground Handling Company” və “Wizz Air” aviaşirkəti arasında Budapeşt-Bakı-Budapeşt müntəzəm reyslərin keçirilməsi barədə saziş imzalanıb.
“Wizz Air”in baş icraçı direktoru Yojef Varadi bildirib ki, şirkət cari ilin əvvəlindən 18,3 milyon sərnişin daşıyıb. Şirkətin mövcud olduğu 11 ildə isə onun xidmətlərindən 100 milyon nəfər istifadə edib. Onun sözlərinə görə, Budapeşt-Bakı-Budapeşt reyslərinə biletlərin satışı artıq başlanıb. Bir istiqamətdə biletlərin qiyməti 39,99 avrodan başlayır.
Budapeşt-Bakı-Budapeşt reysini “Avropaya pəncərə” adlandıran baş icraçı direktor Budapeştdə gələn turistlərin bu şirkətin reysləri ilə digər ölkələrə də gedə biləcəyini deyib. “Wizz Air” Budapeştdən 45 istiqamətdə uçuşlar həyata keçirir.
“Ground Handling Company” şirkətinin rəhbəri İlqar Ələkbərov deyib ki, onun təmsil etdiyi şirkət “Wizz Air” reyslərinə xidmət barədə bu gün imzalanmış sazişdə əksini tapmış bütün şərtlərin yerinə yetirilməsinə təminat verir. Saziş 2019-cu il aprelin 1-dək qüvvədədir.
Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski sazişin imzalanmasına görə Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orbana təşəkkürünü ifadə edib: “Bu reys ölkələrimizin vətəndaşları arasında qarşılıqlı münasibətlərin inkişafına kömək edəcək. Ölkələrimiz arasında qarşılıqlı əlaqələrin gələcəyi isə insanlar arasında münasibətlərin inkişafından asılıdır”.
İmzalanmış sazişə əsasən, “Wizz Air” aviaşirkəti 2016-cı il martın 27-dən Budapeştdən Bakıya uçuşları bərpa edəcək. İlk vaxtlar uçuşlar həftədə bir dəfə, yay mövsümündə isə həftədə iki dəfə olacaq. Uçuşlar “Airbus 320” təyyarələri ilə həyata keçiriləcək.
Əldə edilmiş razılaşmaya görə, “Wizz Air” bütün il ərzində Budapeşt-Bakı-Budapeşt müntəzəm reyslərini həyata keçirməyi öhdəsinə götürür.
Qeyd edək ki, aviaşirkət bundan əvvəl iki dəfə - 2013-cü və 2014-cü il yay mövsümlərində Budapeşt-Bakı-Budapeşt reysi üzrə uçuşlar həyata keçirib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar