Noyabrın sonunda Minskdə Azərbaycanın turizm və müalicə imkanları ilə bağlı təqdimat olacaq

Oktyabrın 29-da Bakıda 1-ci Belarus-Azərbaycan Turizm forumu keçirilib. Tədbir Belarusun “Sentrkurort” dövlət müəssisəsinin, Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı və ölkəmizin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının dəstəyi ilə gerçəkləşib.
Forumda Belarusun “Sentrkurort”, "Belaqrozdravnitsa", "Belavia" şirkətlərinin, "Prezident-hotel” nümayəndələri iştirak ediblər. Tədbirə Azərbaycanın 20-dən çox turizm şirkəti də qatılıb.
Tədbirdə çıxış edən Belarusun ölkəmizdəki səfiri Gennadi Axramoviç təşkilatçılara və iştirakçılara təşəkkür edib, qarşılıqlı turların təşkilinin vacibliyini vurğulayıb. Qeyd edib ki, bunun üçün bütün imkanlar, o cümlədən birbaşa reyslər var. Diplomat forumun hər iki ölkədə turizmin inkişafına təkan verəcəyinə əmin olduğunu bildirib.
Forumda Belarusun turizm sənayesinə, sanatoriya-kurort potensialına dair təqdimatlar olub. “Sentrkurort”un turoperatoru müalicə-sağlamlıq turizmi haqqında “Belarusa dəvət edirik!” adlı sənədli filmin təqdimatını keçirib. Qonaqlar ölkələrinin tarixi yerləri, qabaqcıl və səmərəli sağlamlaşdırma metodları barədə ətraflı məlumat veriblər, sanatoriya-kurort xidməti haqqında geniş təkliflər təqdim ediblər.
Eyni zamanda belaruslu qonaqlar üçün Azərbaycanın tarixi və mədəniyyət abidələri, turizm potensialı və onun ölkənin iqtisadiyyatında roluna dair videoçarx nümayiş etdirilib, Azərbaycanın sanatoriya-kurort imkanları ilə bağlı geniş təqdimat keçirilib.
Oktyabrın 31-də belaruslu qonaqlar üçün Azərbaycan Turizm Assosiasiyası və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının təşkilatçılığı ilə “Qalaaltı Hotel & SPA” mərkəzinə infotur təşkil olunub. İnfotur zamanı mövcud turizm və müalicə potensialı, qarşılıqlı fəaliyyət imkanları, personalın hazırlıq səviyyəsi və turist mübadiləsi müzakirə olunub. Qonaqlar “Qalaaltı Hotel & SPA” mərkəzindəki yüksək texnoloji avadanlıqlardan, tibbi xidmətin səviyyəsindən və mehmanxana kompleksindən məmnun qalıblar.
Qərara alınıb ki, noyabr ayının sonunda Minsk şəhərində Azərbaycanın turizm və müalicə imkanları ilə bağlı təqdimat həyata keçirilsin.