“Şahdağ” və “Tufandağ” kompleksləri adrenalinlə bol istirahət həvəskarlarını gözləyir

İstirahət hər mövsümdə gözəldir. Yay mövsümündə narın qumlu dəniz sahilində dincəlməyin, qışda dağ-xizək komplekslərində adrenalinlə bol istirahətin öz ləzzəti var. Bir neçə ildir, ölkəmizdə də dünya standartlarına cavab verən belə komplekslər yaradılıb. Artıq havalar soyuyub, qarlı qış da özünü göstərir və bu məkanlar istirahət həvəskarlarını qəbul etmək üçün son hazırlıqlarını görür.

2013-cü ilin yanvarında ilk turistləri qəbul etməyə başlayan “Şahdağ” Turizm Mərkəzi Azərbaycanda ilk dağ-xizək turizm kompleksidir. Qusar rayonunda, Şahdağ Milli Parkının ərazisində dəniz səviyyəsindən 1300-2350 metr hündürlükdə yerləşən mərkəzin ümumi ərazisi 2000 hektardan çoxdur. Kompleksin ərazisində 4 və 5 ulduzlu hotellər, kanat və xizək yolları, idman qurğuları və digər sosial obyektlər fəaliyyət göstərir.
“Şahdağ” Turizm Mərkəzindən verilən məlumata görə, hava şəraiti ilə əlaqədar olaraq mərkəzdə qış mövsümünün açılışı dekabrın ortalarına planlaşdırılır. Bu il Azərbaycanın dağ-xizək turizm mərkəzlərinə ötən ilkindən daha çox tələbat olacağını nəzərə alaraq mərkəzin ərazisindəki xizək və xizək ləvazimatları mağazası yeni xizək dəstləri alıb. Mərkəzdən onu da bildirdilər ki, hazırda “Şahdağ” Turizm Mərkəzində qış turizm mövsümü və Yeni illə bağlı bayram tədbirlərinə ciddi hazırlıq gedir.
Dekabrın 1-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Şahdağ” Turizm Mərkəzində olub. Kompleksdə qış mövsümünə hazırlıq işlərinin vəziyyəti barədə nazirə məlumat verilib. Yeni illə əlaqədar hazırlanan mədəni-əyləncəli proqramlara dair təqdimat keçirilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 10 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ” Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Sentyabrın 28-də Bakıda (Bülbül prospekti, 26) Şahdağ Turizm İnformasiya Mərkəzinin açılışı olub. Burada hotel rezervasiyası ilə yanaşı, qış-yay turizm avadanlıqlarının icarəsi, sifarişi və turpaket xidmətləri təklif olunur. “Şahdağ” Turizm Mərkəzinin rəsmi saytı www.shahdag.az vasitəsilə də turistlər kompleksin təklif etdiyi bütün xidmətləri online olaraq sifariş verərək, ödəməni həyata keçirə və bronlaşdırma edə bilərlər.
Qış mövsümündə yerli və xarici turistlərin üz tutduğu məkanlardan biri də Qəbələ rayonunda, dəniz səviyyəsindən 1900 metr yüksəklikdə yerləşən “Tufandağ” dağ-xizək kompleksidir. Kompleksdən verilən məlumata görə, burada ümumi uzunluğu 6 kilometr olan 4 kanat xətti turistlərin xidmətindədir. Turistlərin kanat yolu ilə dağların zirvəsinə qalxaraq Qəbələ şəhərini, Duruca kəndini və ətrafdakı meşələri, gözəl mənzərəni seyr edərək rahat istirahət etmələri üçün hər cür şərait yaradılıb. Mərkəzdən onu da bildirdilər ki, bu il də ilk dəfə xizək sürənlərə fərdi və qrup şəklində təlimlər keçiriləcək. Yeni illə bağlı kompleksdə yerləşən “Tufandağ” hotelində bayram şənlikləri də planlaşdırılır.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar