Taleyini elm-təhsil sahəsinə həsr etmiş insanların məşhurluğu onların yazıb-yaratdıqları əsərlər və yetişdirdiyi tələbələrin müəyyən mötəbər səviyyələrə yüksəlməsi ilə yanaşı, el arasında qazandıqları nüfuzla da müəyyənləşdirilir. Yaxşı tanıdığım Bahadur Bilalov da elmi-pedaqoji fəaliyyəti ilə bərabər, ətrafındakıların hüsn-rəğbətini qazanan insan, əsl vətəndaş, səmimi dost kimi də hörmət sahibidir.

Bahadur müəllimin həyat yolu demək olar ki, turizmlə bağlıdır. Görüşəndə həvəslə bu sahəyə gəlişi haqda söhbət açır. Söyləyir ki, hələ orta məktəbin yuxarı sinfində oxuyarkən məktəbdə təşkil edilən ekskursiyalarda həvəslə iştirak edər, muzey eksponatlarını diqqətlə öyrənər, bələdçinin məlumatlarına maraqla qulaq asardı. Ali təhsil alarkən tələbə yoldaşları ilə Azərbaycanın demək olar ki, bütün bölgələrini gəzmiş, keçmiş SSRİ-nin bir çox şəhərlərinə səyahət etmişdir. Tbilisi, Suxumi, Soçi, Tuapse, Tallinn, İvanovo, Kostroma, Suzdal və digər şəhərlərə səyahətdən sonra gördüklərindən dostlarına da maraqlı hadisələr danışardı.
1992-ci ildə müdafiə etdiyi namizədlik dissertasiyasının bir paraqrafı beynəlxalq turizmə həsr olunmuşdu. 1993-cü ilin yanvarından isə taleyini tamamilə turizmlə bağladı.
Azərbaycan Turizm və Menecment Universitetinin turizm biznesi kafedrasının müdiri, tarix elmləri namizədi, dosent Bahadur Ənvər oğlu Bilalov 1955-ci il dekabrın 11-də Göyçay rayonunun Bığır kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1980-1993-cü illərdə universitetin Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi kafedrasında laborant, baş laborant, müəllim kimi çalışmışdır.
1993-cü ilin yanvarından 2001-ci ilin sentyabr ayınadək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm Şurasında Turizm və xidmət şöbəsinin müdiri, “Azərtur” müəssisəsində Xarici turizmin təşkili şöbəsinin rəisi vəzifəsində işləmişdir.
Ölkə Prezidentinin sərəncamı ilə Xarici Turizm Şurası ləğv olunduqdan sonra, 2001-2003-cü illərdə Azərbaycan Turizm Sənayesinin İnkişafı İttifaqında aparıcı mütəxəssis kimi fəaliyyət göstərmiş, Azərbaycanda turizmin inkişafına yönəlmiş bir sıra layihələrin hazırlanmasında iştirak etmişdir.
2002-ci ildən etibarən turizm sahəsində bildiklərini gənc nəslə öyrətməklə məşğul olan Bahadur müəllim Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində mühazirələr oxumuş, seminarlar aparmışdır. 2003-cü ildən Bakı Bədən Tərbiyəsi və Turizm Kollecində “Sosial-mədəni sahədə servis” fənn birliyinin sədri, 2006-cı ildən isə kollecin bazasında Azərbaycan Turizm İnstitutu yaradıldıqdan sonra institutda (hazırda ATMU) kafedra müdiri vəzifəsində çalışır.
Bahadur müəllim indiyə kimi turizmin müxtəlif sahələrini əhatə edən 15 fənn proqramı, “Turizmin menecmenti”, “Turizm fəaliyyətinin tənzimlənməsi”, “Turizmin tarixi”, “Ekoloji turizm”, “Səyahət agentlikləri və turoperatorluq” adlı dərs vəsaitləri hazırlamış və çap etdirmişdir. Bu yaxınlarda isə onun rəhbərliyi altında “Turizmin əsasları” dərsliyi hazırlanmışdır.
Dosent B.Bilalov turizm sahəsində elmi araşdırmalarla da məşğuldur. O, ölkəmizdə, eləcə də Rusiya və Bolqarıstanda keçirilən müxtəlif elmi konfranslarda ölkə turizminə dair maraqlı məruzələr etmişdir. Eyni zamanda Azərbaycan turizminə həsr olunmuş 50-dən çox məqaləsi ölkəmizdə, Rusiya, Bolqarıstan və Portuqaliyanın elmi jurnallarında nəşr olunmuşdur. Professor Cabir Məmmədovla nəşr etdirdikləri “Azərbaycan Respublikasında gəlmə turizm (tarixi-coğrafi və sosial-iqtisadi aspektlər” (Bakı, 2003) və “Azərbaycanda gəlmə turizm və onun inkişaf yolları” (Bakı, 2004) monoqrafiyaları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
2009-cu ilin aprel-sentyabr aylarında ERASMUS-MUNDUS Proqramı çərçivəsində Bolqarıstandakı Ruse Universitetində elmi araşdırmalar aparan B.Bilalov “Heydər Əliyevin Azərbaycanda turizmin inkişaf etdirilməsində rolu” adlı monoqrafiya hazırlamış və ingilis dilində bu universitetin nəşriyyatında çap etdirmişdir.
Ölkə turizminin inkişafı ilə bağlı Bahadur müəllimin Azərbaycan televiziya məkanında, həmçinin müxtəlif qəzetlərdə yayılan müsahibələri daima maraqla qarşılanır.
Turizm işinin təşkili və turizm təhsili istiqamətində gördüyü işlər əlaqədar təşkilatlar tərəfindən yüksək qiymətləndirilmiş, müxtəlif mükafat və adlara layiq görülmüşdür. 50 illik yubileyi münasibətilə Gənclər, İdman və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurasının fəxri fərmanlarına və “Qızıl qələm” mükafatına layiq görülmüşdür. Sonrakı illərdə turizm işi və təhsili sahəsində gördüyü işlərə görə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı, Azərbaycan Turizm İnstitutunun ictimai-siyasi və pedaqoji həyatında xüsusi fəallıq göstərdiyinə görə fəxri fərmanlarla təltif olunmuşdur.
Yaxın dostum Bahadur müəllimlə həmişə söhbət edəndə fəxrlə bildirir ki, həyatda ən böyük mükafatım yetişdirdiyim tələbələrin və onların valideynlərinin mənə qarşı olan səmimi məhəbbətidir. Qazandığı səmimiyyətinə görə onun xətrini iş yerində, ictimaiyyət arasında, dostlarının yanında əziz tutur, hörmətini saxlayırlar. O isə nəcibliyi, qayğıkeşliyi və xeyirxahlığı özünün həyat amalı sayır.
Hörmətli Bahadur müəllimə 60 yaşın zirvəsində cansağlığı və xoşbəxtlik, elmi-pedaqoji yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq.

Çingiz Gülalıyev,
kənd təsərrüfatı elmləri namizədi







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar