Nazir Əbülfəs Qarayev: “Turizm sənayesi özünü yeni şəraitə hazırlamalıdır”

Dekabrın 4-də “Four Seasons Baku” hotelində Azərbaycan Konqreslər Bürosunun 2015-ci il üçün 4-cü hesabat iclası keçirildi. İclasda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan büronun icraçı direktoru Florian Sengstschmid gündəlik barədə məlumat verdi. Bildirdi ki, iclasın əsas məqsədlərindən biri də 2016-cı il üçün sektorda gözləntilərin təhlili, hadisələrin inkişaf istiqamətlərinə uyğun proqnozlaşdırma və analizlərin aparılmasıdır.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2013-cü ilin sonunda nazirliyin dəstəyi ilə yaradılan Azərbaycan Konqreslər Bürosunun ötən müddətdə fəaliyyətini yüksək qiymətləndirdi. Ölkəmizdə işgüzar turizmin inkişaf etdirilməsi, Azərbaycanın beynəlxalq tədbirlər məkanı kimi tanıdılması istiqamətində atılan addımların əhəmiyyətini diqqətə çatdırdı.
Qeyd olundu ki, Azərbaycanın turizm sənayesində müsbət meyllərlə yanaşı, son zamanlar regionda baş verən proseslər fonunda müəyyən təsirlər də özünü göstərir. Qonşu Rusiya və Türkiyə arasında cərəyan edən hadisələr də bu qəbildəndir: “Azərbaycan elə bir regionda yerləşir ki, bölgədə baş verən hər hansı müsbət və ya mənfi hadisə öz təsirini bütün sahələrdə hiss etdirir, o cümlədən turizm sahəsində. Bu baxımdan turizm sənayesi, xüsusilə Azərbaycan Konqreslər Bürosu bu məsələlərə günün reallıqları baxımından yanaşmalı, yeni şəraitə və şərtlərə uyğun fəaliyyətini qurmalıdır”.
Nazir diqqətə çatdırdı ki, Azərbaycan turizmi üçün əsas müştəri bazarı qonşu Rusiyadan və qardaş Türkiyədən formalaşmalıdır və biz bu bazarlarda kifayət qədər aktiv təmsil olunmalıyıq. Yay və dəniz turizmi baxımından Türkiyənin təkliflərini əvəzləyə bilməsək də, mədəni turizm, regionların turizmi, xüsusilə Qusar, Qəbələ və digər bölgələrdə yerləşən turizm komplekslərinin potensialı dəyərləndirilməlidir və Azərbaycanın bu baxımdan kifayət qədər imkanları var.
Ölkəmizin müalicə turizmi ilə bağlı potensialının da yetərincə təbliğ və təşviq olunmadığını vurğulayan Əbülfəs Qarayev bu sahədə müasir infrastrukturun yaradıldığını, böyük perspektivin olduğunu qeyd etdi: “Müalicə turizmi ilə bağlı ölkədə böyük işlər görülüb. Naftalan, Qalaaltı müalicə turizm kompleksləri ən yüksək standartlara cavab verir. Mən çox istərdim ki, büro öz fəaliyyətini bu sahədə genişləndirsin, Azərbaycanın müalicə turizmi ölkəsi kimi tanınmasına töhfə versin. Biz də nazirlik olaraq müsbət təşəbbüslər üçün lazımi dəstəyi verməyə hazırıq. Təsadüfi deyil ki, nazirliyin dəstəyi ilə bu yaxınlarda Azərbaycan Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının üzvlüyünə daxil olmuşdur”.
Sonra iclasda hesabat çıxışları dinlənildi.
Azərbaycan Konqreslər Bürosunun icraçı direktoru Florian Sengstschmid çıxışında 2015-ci ili qurumun fəaliyyəti baxımından uğurlu dövr adlandırdı, nazirə və nazirliyin əməkdaşlarına göstərdikləri hərtərəfli dəstəyə görə minnətdarlığını bildirdi. İl ərzində əldə olunan nailiyyətlərdən söz açan büro rəhbəri ölkənin turizm imkanlarının təbliği istiqamətində görülən işlərə nəzər saldı.
Qeyd etdi ki, bu il büro Rusiya başda olmaqla MDB məkanında, Türkiyədə və digər qonşu ölkələrdə daha aktiv təbliğat işləri qura bilib. Büro rəhbəri bu istiqamətdə Heydər Əliyev Fondunun, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin, xarici və yerli medianın imkanlarından yararlandıqlarını diqqətə çatdırdı.
Büronun fəaliyyətinin qonşu ölkələr tərəfindən yüksək qiymətləndirildiyini deyən icraçı direktor Azərbaycan təcrübəsinin nümunə kimi öyrənildiyini dedi. Bildirdi ki, büro beynəlxalq əhəmiyyətli tədbirlərin, konfransların ölkəmizə gətirilməsində xüsusi rol oynamağa, bu istiqamətdə işləri genişləndirməyə səy göstərir.
Hesabatların dinlənilməsi zamanı nazir Əbülfəs Qarayev ayrı-ayrı məsələlərə, təqdim edilən göstəricilərə münasibətini bildirdi, tövsiyələrini diqqətə çatdırdı.

Sadiq Musa







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar