Son vaxtlar baş verən məlum hadisələrdən sonra Rusiyadan Misirə və Türkiyəyə turist səfərlərinin dayandırılması qonşu ölkənin turizm şirkətlərini növbəti yay mövsümü üçün alternativ istiqamətlər axtarmağa sövq edib. Rusiya Turist Operatorları Agentliyinin məlumatına görə, ötən il sözügedən iki ölkədə Rusiyadan 5 milyona yaxın turist (o cümlədən 3 milyondan çox Türkiyədə) istirahət edib. Yaranmış vəziyyətdə bu kontingentin təxminən yarısı Rusiya daxilində istirahətə üstünlük verəcək.

Xaricə səfərlərə gəldikdə isə, seçim imkanı elə də geniş deyil. Növbəti ildə rusiyalı turistlərin əsasən Bolqarıstan, Yunanıstan, Kipr, İspaniya, Cənub-Şərqi Asiya ölkələrinə səfər edəcəkləri bildirilir. Amma bu istiqamətlərin hər birinin mənfi cəhətləri (yay turizm mövsümünün qısa sürməsi, baha qiymət, uzaq yol və s.) var. Qeyd olunur ki, mövcud vəziyyətdə bir çoxları xaricə səfərdən imtina edəcək və ölkənin bu sahədə göstəricisi 40 faizədək azalaraq 2000-ci ilin səviyyəsinə qayıdacaq.
Belə bir vəziyyətdə rusiyalı turistlər üçün yaxın xarici ölkələr də seçim imkanları sırasındadır. Bu sırada Azərbaycan da qeyd olunur.
“Azərbaycan rusiyalı turistlər üçün əlverişli ölkədir. Burada Rusiyaya səmimi münasibət var, dil baryeri yoxdur, iqlim şəraiti, təbiətin müxtəlifliyi, rahatlıq və təhlükəsizlik səviyyəsi isə ən yüksək tələblərə cavab verir”.
Bu sözləri Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev söyləyib. O bildirib ki, turizm operatorları yeni məkanları mənimsəməlidirlər: “Əlbəttə, daxili istiqamətləri, ilk növbədə Krımı və Krasnodar diyarını nəzərdən keçirmək lazım gələcək. Turizmə tələbat bu sahəyə sərmayə qoyulmasına marağı artıracaq. Bu, Rusiya üçün çox əlverişlidir. İkincisi, MDB ölkələrinə, ilk növbədə Azərbaycana gələn turistlərin sayı artacaq. Hazırda bu istiqamətin çox böyük potensialı var”.
Rusiya-Azərbaycan Dostluq Mərkəzinin direktoru Natalya Krasovskayanın fikrincə, bu sahəyə sərmayə qoyulması davam etsə, orta seqmentə aid hotellər (3-4 ulduzlu) şəbəkəsi inkişaf etdirilsə və bu barədə məlumatlandırma lazımı səviyyədə olsa, Azərbaycan bir sıra populyar turizm istiqamətləri üçün ciddi rəqib ola bilər.
Xəzərin rekreasiya baxımından mənimsənilməsi üzrə Rusiya ilə birgə aparılan işlər də buna kömək edə bilər. Hazırda belə layihələrdən biri Rosturizm tərəfindən müzakirə edilir. Rusiyanın regionları ilə əməkdaşlıq da işin xeyrinə olar.
Məsələ ilə bağlı jurnalistlərə açıqlama verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Rusiyadan, həmçinin digər qonşu ölkələrdən turistlərin Azərbaycana axınının gücləndirilməsi həmişə bizim üçün prioritet istiqamət olub: “Hər hansı bir hadisənin baş verməsi ilə əlaqədar olaraq deyil, ümumiyyətlə, hər zaman çalışırıq ki, qonşu ölkələrin turistlərini ölkəmizə cəlb edək. Xatırlayırsınızsa, Prezident İlham Əliyev bu ilin iyul ayında Nazirlər Kabinetinin iclasında xarici turistlərin ölkəmizə cəlb olunması istiqamətində müvafiq tapşırıqlar verdi. Ölkənin gəlmə turizm potensialının daha da effektiv şəkildə təbliğ olunması, eləcə də 2016-cı ildə Azərbaycana daha çox turist cəlb edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) arasında danışıqlar aparılaraq ortaq fəaliyyətə dair işçi qrup yaradıldı. Mədəniyyət və Turizm Nazirliyi, AZAL və Azərbaycan Turizm Assosiasiyası (AZTA) rusiyalı turistlərin ölkəmizə marağını artırmaq üçün sərfəli turpaketlər üzərində işləməyə başlayıblar. AZAL-ın Moskvaya və Rusiyanın bir sıra regionlarına birbaşa uçuşlar həyata keçirməsi Azərbaycana gələn rus turistlərin sayında artıma səbəb ola bilər”.
Nazir onu da vurğulayıb ki, rusiyalı turistlərə təkcə yayda deyil, digər mövsümlərdə də qış turizmi, səyahət turizmi, mədəni turizm, ziyarət turizmi, müalicə turizmi kimi müxtəlif turizm növləri təqdim edə bilərik. Azərbaycana gələn turistlərin sayına görə rusiyalı turistlər indinin özündə də birinci sıradadır.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov qeyd edir ki, ölkəmizə daha çox turist gəlişini təmin etmək məqsədilə Rusiyanın turizm şirkətləri ilə sıx əməkdaşlıq qurulmalıdır: “Turizm şirkətlərimiz həm qış turizmi, həm də gələn ilin yay turizmində turist axınını gücləndirmək üçün daha fəal olmalıdırlar. Müvafiq bazar öyrənilməli, ona uyğun yeni təkliflər, turpaketlər hazırlanmalıdır. Qiymətlər bazara uyğun tənzimlənməli, xidmətin səviyyəsi artırılmalı, menecment işində yeni texnologiyalardan istifadə edilməlidir”.
M.Ağakərimov Azərbaycanda dəniz turizminin inkişaf etdirilməsi üçün müvafiq şəraitin olduğunu deyir: “Dəniz turizmi dünya turistlərini cəlb edən əsas turizm növlərindəndir. Bizdə də bu turizm növünü inkişaf etdirmək olar. Onun üçün ilk növbədə çimərliklər genişləndirilməli, dəniz müxtəlif tullantılardan təmizlənməlidir”.

F.Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar