Ölkəmiz Birləşmiş Ərəb Əmirliyində sərgidə təmsil olunub
Mədəniyyət və Turizm Nazirliyi Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Şarja şəhərində keçirilən “Turizm səyahət bazarı: ailəvi turizmin təbliğatı” adlı beynəlxalq sərgidə iştirak edib.
İkinci dəfə təşkil olunan sərgi 8-10 dekabr tarixlərində Şarja Əmirliyinin Ticarətin İnkişafı üzrə İslam Mərkəzi və Şarja Ekspo Mərkəzinin təşkilatçılığı, İslam Əməkdaşlıq Təşkilatının dəstəyi ilə gerçəkləşib.
İslam ölkələri arasında Azərbaycanın turizm potensialının təbliğ olunması, eləcə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın əhəmiyyətini nəzərə alaraq, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Yaxın Şərq və Körfəz ölkələri üzrə təbliğatını həyata keçirən “Atlantis Holiday” şirkəti ölkəmizi qeyd olunan sərgidə təmsil edib.
Sərgi zamanı Azərbaycan stendində ziyarətçilərə və iştirakçılara ölkəmizin turizm potensialı barədə geniş məlumat verilib və məlumat xarakterli çap məhsulları paylanılıb.