Ona misra-misra baxanda daha gözəl görünür
   
   Sözümüz-söhbətimiz Zeynal Xəlildəndir. Öz dövründə tək elə ədəbi ictimaiyyətin yox, ümumən xalqın yaxşı tanıdığı bir şairdən. O şairdən ki, xalqın saysız-hesabsız qızıl kəlamlarından biri olan “Hər aşiqin dövranı var” atmacasını da yaxşı bilirdi. Yəqin bu şair belə bir dialektik “yanıltmac”dan da baxəbərmiş ki, hər ayrı-ayrı dövranın ayrı-ayrı aşiqlərinə elə gəlir ki, onların məşhurluğu bütün gələcək zədələrdən, unutqanlıqlardan sığorta olunub...
   
   Yaxşı ki, sənin taleyində “Sözləri Zeynal Xəlilindir” yazısı da var, Zeynal Xəlil!
   Bəli, neçə-neçə mahnı adı və ardınca: “Sözləri Zeynal Xəlilindir”...
   Yetmiş ildən çoxdur bəlkə də yetmişdən çox diktorun dilində səslənmiş, səslənən və hələ çox səslənəcək bu sözləri yəqin ki, yetmiş milyondan çox insan dinləyib, dinləyir və hələ çox dinləyəcək. Hələ bu sözlərdən dərhal sonra adları çəkilən korifey, ustad və məşhur ifaçılar! “Sözləri...” sözündən dərhal sonra “Oxuyur Bülbül”, “Rəşid Behbudov”! “İfa edir Rübabə Muradova”, Şövkət Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova...
   
   Qismətdən qaçmaq...
   
   Nəinki qismətdən qaçmaq, heç bir addım aralanmaq da olmaz. Hərənin öz qisməti, öz taleyi var. Necə ki, Zeynal Xəlil əlli doqquz il yaşamalı, yazdıqları qədər yazmalı, sevildiyi qədər sevilməli və sözümün canı olaraq - özünə məxsus unudulma əndazəsi qədər unudulmalıydı. Söhbət bəzi trafaretçilərin dedikləri və yazdıqları “özünəməxsus”dan getmir, ha. Necə yəni özünəməxsus?! “Özgəsinəməxsus”mu yazacaqmış?! Belə sözlər hamısı sözdür, hörmətli qələmdaşlar! O “söz” ki, qarşısına bir “çülük” artıranda əyarı üzə çıxır. Gərəkdir ki, hər hansı bir sənət adamı haqda yazanda qəlblərdə onun bəstə, fırça, tişə, ifa yazısına pozu olub-olmaması, milli mədəniyyət xəzinəsinə əbədi bir şey verib-verməməsi, dövrdən-dövrə maraqların yonqar testinə düşüb-düşməməsi barədə bəhs edib “sözünəməxsus”layasan. Nədən ki, əgər çox ciddiyə qalsa, qədir-qiymət batmanıyla ölçülsə, “özünəməxsus”luğun Sabir, Cavid, Müşfiq, Vurğun, Məmməd Araz kimi yiyələri var!
   Mən, hələ məsələnin onda biri hesab etdiyim bu qənaətə bu yazıya hazırlıq ərəfəsində internet “ədəbiyyat”ında Zeynal Xəlil haqda yer alan fikir və münasibətlərdən gəldim və and olsun klassik ədəbi haqqa ki, bu bədii “qərəz”im yazanlara deyil, yazılanlaradır. Yəni belə ki, hər şeyin, hər kəsin öz qiyməti olduğu kimi, hər qiymətin də öz yiyəsi var.
   Belə-belə işlər, Zeynal Xəlil!..
   Bəyəm sənin halal-haqq qiymətin aşağımı? Əsla! Dükan-bazarda mallar həm də o vaxt tökülüb qalır ki, istehlakçıların zövqü çox yüksək olur. Sənət “bazar”ında da belədir. Bu bazarın ədəbi (xüsusən poeziya) köşkündə isə alıcıların, alıcılığın ən bəyənməzi, ən kübarı bəstəkarlardır ki, bu sarıdan sən “biznes”i gətirən söz “sahibkar”larındansan.
   Deyim ki, mən Zeynal Xəlilin şeirləri, qəzəl-qoşmaları ilə kitablarından çox, müğənnilərin, xanəndələrin ifalarında tanış olmuşam. Məncə, bunun bir səbəbi də ondadır ki, Zeynal Xəlilin şeirləri beyindən çox qəlbə işləyir. Zeynal Xəlil vərəqlərində üç nöqtəli lirik qidalar əmranəli duyğulardan, dramatik nidalardan qat-qat çoxdur. Sovet ədəbi hasarı içərisində yalnız üzdə gülən bu şairin içində daimi bir sızıltı vardı. O sızıltılar bəzən şairin qafiyələrini də caydırır, fikrin qaymağına ayran, aşına su qatırdı. Tutalım, “tar” ifadəsinin davamı kimi car çəkən “xar” kəlməsi əvəzinə, “yar” yazdırırdı. Dəli Kürün mənbəyindən yayındırıb mənsəbindən başlatdırırdı. Xan Arazı necə “şanlı” adlandıraydı ki, qafiyəsi “qanlı” tələb edirdi...
   Amma nə qədər qoruq-qaytaq olsa da, buyruq-duyruq qoyulsa da, Zeynal Xəlil sözü bezə, zikri fikrə büküb yazırdı:
   - Nə qədər çaxacaqsan bu göylərdə sən?
   - Bilmirəm... Nə qədər ki bu çöl, bu yamac,
   Yağışa, sulara duyur ehtiyac...
   Nə qədər göylərdə qara bulud var,
   Zil qatı zülmət var, qatı sükut var -
   Onları yandırıb-yaxacağam mən,
   Od töküb göylərdə çaxacağam mən!..
   
   Bioqrafiya və biblioqrafiya
   
   Burda sözümə şairin öz sözlərilə başlayıram: “Mən Yelizavetpolda doğulmuşam, Kirovabadda boya-başa çatmışam, inşallah, Gəncədə öləcəyəm”...
   Yox, bunu heç harda axtarmayın. Zeynal Xəlil bu sözləri xatirələrində, iki cildlik əsərlərində yazmayıb, günlərin bir günü - çox sevdiyi, tez-tez gəldiyi Filarmoniyanın çayxanasında deyib. Belə deyimləri tez-tez olarmış. Bir kərə də şair dostlarından biri ona bir-iki kəlməlik “gəlmə” gəlmək istəyib: “Sən yazda doğulduğuna görə bahardan-yazdan bu qədər yazırsan? - deyib. O isə qayıdıb ki: “Necə ki sən payızda doğulduğunçün Böyük Oktyabrdan bu qədər yazırsan! Bu yazhayaz “oxşarlığımızın” bir fərqi və bir gözəlliyi də bundadır ki, mənim ad günlərimə təzə-tər güllər gətirirlər, səninkinə par-par əklillər...”
   Sənət adamlarının həyatında belə zarafatlar, baməzə “rişxənd”lər boldur. Maraqlısı isə “oldur” ki, Zeynal Xəlilin bütün həyatı “taleyin ironiyaları” ilə müşayiət olunub. Elə birincisini götürək - özünün daha məzəli formada toxunduğu doğum yerini. 1914-cü ildə Yelizavetpolda doğulan bu əsil-nəsilli şair yeddi yaşında ikən atasını itirib. 1937-ci ilin repressiyaları onun şairlik duyğuları ilə çox “qaçdı-tutdu”lar oynayıb - baxmayaraq ki, bir il öncə çap olunmuş “İstək” adlı ilk şeirlər kitabında könüldən istəmədiyi məsələ-mətləbləri də fikrən çox istədiyini bəyan etməli olmuşdu. Sonra müharibə! “1941-45” deyəndə dodaqları 55 yerdən çatlayan anasının, o beş ildə beş min yerdən zədə alan öz şair ürəyinin “zamandan hesabat” tələb edən “əzablı əsəblər”i!
   Onun kitablarının adları təkcə nəşr nişanələri kimi deyil, həm də ömür-gün naxışları təki, tələsi daim pusquda olan tale haray-həşiri kimi də səslənir: “İstək”, “Yəhərləyin atları”, “416”, “Düşüncələr”, “Etibar”, “Arzular”, “İki dünya”, “Bənövşə”, “Sevdiyim rəng”, “Günəş, dəniz, insan”, “Ulduzlar”, “İntiqam”, “Ata yolu”...
   Bu isimlər, sifətlər, saylar... onun poeziya “dilçiliyində” nə qədər xəlqi, hərdən də akademik olduğunu təsdiqləyir. Təəssüf ki, sovetlərin “qlavlit” adlı hədə-barmağı onu toxunduğu mövzuların daha dərinliklərinə, uyğu-duyğuların quyusu dibinə enməyə, “40-cı qapı”larını açmağa rüsxət vermirdi. Bu isə Zeynal Xəlil poeziyasını bəzi məqamlarda can-qan dərinliklərindən məhrum edir, oxucunu daha şirin qələm qənimətlərinə, daha dadlı alt qat tapıntılarına, “rentgen” görsəntilərinə tamarzı qoyurdu.
   Təbiət “siyasət”ində isə Zeynal Xəlil qələmi istənilən səmtə gedir, istedadı daxilində istənilən dərinliyə işləyirdi. Belə də deyə bilərik ki, eko-biologiya onun bioqrafiyasındakı ən xoş məqamların, labirintal duyğuların rəhni olub. Bəzən o, ürək, arzu, xəyal istəklərinin hovunu - padşah qızlarının vəsfinə işlənən gömgözəl, qəpqəşəng bir çiçəyin tərənnümü ilə alıb. O, ömür, poeziya, cəmiyyət taleyindəki haqq-hesabların çoxunu cəmiyyətin qıfıl-qandallı silahlarıyla deyil, təbiət azadlığı ilə “çürüdüb”.
   
   ...Mən yarpağa nəzər saldım:
   Şaxta vurmuş, gün döymüş -
   Çöhrəsi damar-damar.
   Yerdən-göydən soruşdum,
   Dedim səhər yelinə:
   - Söylə, neçin bənzəyir
   Yarpaq insan əlinə?..
   
   ...Mən bu şeirin misralarına qəsdən burada son verirəm. Çünki bəzən suallar cavablardan daha məhsuldar səslənir. Kim istəsə, bu şairin kitabına (və ya internet boxçasına) baxıb, bu sualın cavabını tapa bilər. Amma niyə tələsək ki? Olmazmı ki, şairin “fantaziya bostanımız”a atdığı bu “poetik daş”dan ayılıb baş işlədək? Görək, doğrudan da, xalqın “Ağac olaydım, yolda duraydım...” arzusuna rəğmən - təbiətlə cəmiyyət arasında daha nə kimi bənzərliklər var?..
   Növbəti təəssüf: o, dünyasını dəyişəndə - 11 avqust 1973-cü ildə - 1914-də doğulduğu Yelizavetpol hələ Kirovabad adlanırdı. Ötən əsrin sonlarınadək nəqliyyat vasitələrində əcnəbi adlı, qəlblərimizdə isə dost-doğma dadlı ünvan deyə gedib-gəldiyimiz o çox qədim, çox gözəl, çox milli şəhər hələ Gəncə olmamışdı.
   Və o vaxt nekroloqlarda “Allah rəhmət eləsin” yazmaq da yasaq idi. Elə bir də buna görə Allah ona qəni-qəni rəhmət eləsin!..
   
   Tahir Əhmədalılar