Azərbaycanın Efiopiyadakı səfirliyi Əddis-Əbəbə şəhərində hər il ənənəvi olaraq keçirilən diplomatik xeyriyyə bazarında ilk dəfə iştirak edib.
Miqyasına görə dünyada təşkil olunan ən böyük diplomatik bazarlardan biri hesab edilən Əddis-Əbəbə diplomatik bazarı artıq 20 ildir keçirilir. On mindən artıq ziyarətçisi olan tədbirə hər il 100-ə yaxın diplomatik nümayəndəlik və Afrikada fəaliyyət göstərən müxtəlif şirkətlər qatılır.
Geniş ziyarətçi cəlb edən Azərbaycan guşəsinin tərtibatında ölkəmizin qədim tarixi abidələrini, müasir infrastrukturunu, turizm potensialını özündə əks etdirən fotoşəkillərdən istifadə olunub. Guşədə ölkəmizə məxsus milli suvenirlər, xalçalar, Azərbaycanın mədəniyyəti və tolerantlığı haqqında müxtəlif materiallar ziyarətçilərə təqdim edilib.
Diplomatik bazarda Azərbaycan mətbəxinin ləziz təamlarından dolma, qutab, lüləkabab, paxlava və Azərbaycan şirkətlərinin istehsalı olan müxtəlif meyvə şirələri, şərablar, bitki yağları, qənnadı məhsulları, müxtəlif çeşidli mürəbbələr və çay növləri diplomatik bazar ziyarətçilərinin xüsusi marağına səbəb olub.