Azərbaycan Turizm və Menecment Universitetində beynəlxalq elmi-praktik konfrans

Dekabrın 19-da Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) tədris ocağının 10 illiyinə həsr olunmuş “Turizm və rekreasiya XXI əsrdə: problemlər, perspektivlər” mövzusunda II beynəlxalq elmi-praktik konfrans keçirildi.

Tədbiri giriş sözü ilə açan ATMU-nun rektoru, professor Cəfər Cəfərov bildirdi ki, 2006-cı ildə ölkə başçısının təşəbbüsü ilə yaradılan ali məktəb fəaliyyətinin ilk dövrlərindən ixtisaslı kadr hazırlığı ilə yanaşı, turizm sahəsində elmi-tədqiqatların aparılmasına xüsusi önəm verir, o cümlədən bir sıra beynəlxalq və respublika miqyaslı konfranslara ev sahibliyi edib. Qeyd olundu ki, budəfəki konfransda Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdən alim və mütəxəssislər iştirak edirlər.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ölkəmizdə turizm sahəsində görülən işlərdən, həyata keçirilən layihələrdən danışdı. Qeyd etdi ki, ATMU-nun yaradılması ilə Azərbaycanda turizm sahəsində peşəkar kadrlar hazırlığı işi dünya standartları səviyyəsinə çatdırılıb. Universitet ölkə turizminin inkişafına öz töhfəsini verir. Nazir müavini konfransın mövzusunun əhəmiyyətini və aktuallığını da diqqətə çatdırdı.
Tbilisi Dövlət Universitetinin professoru M.Qvindjiliya “Gürcüstanda şəhər turizminin inkişafının əsas istiqamətləri”, Qumilyov adına Avrasiya Milli Universitetinin (Qazaxıstan) əməkdaşları - biologiya elmləri doktoru Q.Aydarxanova və biologiya elmləri namizədi A.Saqnayeva, kimya elmləri namizədi J.Kojina “Qazaxıstanda ekoturizmin forma və növləri”, Bolqarıstan İqtisad Universitetinin əməkdaşı H.Nedialkova “Bələdçi xidmətinin keyfiyyəti” mövzusunda məruzələrlə çıxış etdilər. Məruzələr geniş müzakirə olundu.
Avropa Təbiət Elmləri Akademiyasının üzvü, Əməkdar elm xadimi, professor Əli Əlirzayev və digər azərbaycanlı alim və tədqiqatçıların çıxışları da maraqla qarşılandı.
Tədbir işini “Turizm və rekreasiya ehtiyatlarının tədqiqinin nəzəri və praktik əhəmiyyəti”, “Turizm bazarı: müasir vəziyyət, problemlər və inkişaf perspektivləri”, “Turizm biznesinin təşkili və idarə edilməsi”, “Turizm mədəniyyətlərarası dialoq vasitəsi kimi”, “Turizm üçün kadr hazırlığı”, “Turizmdə informasiya texnologiyalarının tətbiqi” bölmələri üzrə davam etdirdi.
Konfransda ümumilikdə turizmin müxtəlif sahələrinə dair 40-dan çox məruzə dinlənildi. İştirakçılara konfransdakı məruzə və çıxışlar əsasında nəşr olunan “Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalının 4-cü xüsusi buraxılışı təqdim edildi.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar