Türkiyənin Konya şəhəri 2016-cı ildə “İslam turizmi paytaxtı” olacaq

Dekabrın 21-dən 23-dək Niger Respublikasının paytaxtı Niamey şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Turizm Nazirləri İslam Konfransının 9-cu sessiyası keçirilib.

Tədbirdə Niger Respublikasının Prezidenti Mahammadu İsufu, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İyad Amin Madani, müxtəlif ölkələrin turizm sahəsi üzrə nazirləri və digər yüksək vəzifəli şəxsləri iştirak edib. Sessiyada Mədəniyyət və Turizm Nazirliyini Turizm şöbəsinin müdir müavini Rauf Paşayev təmsil edib.
Tədbirdə İƏT-in üzv ölkələrində islam turizmi, turizm sahəsində peşə standartları, sərhəd prosedurlarının sadələşdirilməsi, turizm marketinqi və digər məsələlər müzakirə olunub.
Rauf Paşayev öz çıxışında iştirakçıları salamlayaraq, İslam Əməkdaşlıq Təşkilatına və Niger Respublikasının nümayəndələrinə tədbirin yüksək səviyyədə təşkil edilməsi ilə bağlı öz təşəkkürünü bildirib. O, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində turizm sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış və İƏT-in İqtisadiyyat və kommersiya əməkdaşlığı komitəsi tərəfindən qrant almış "Ümumi mədəni irs şəhərləri" layihəsi barədə məlumat verib.
Qeyd edilib ki, layihə çərçivəsində Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyəni birləşdirən mədəni turizm marşrutunun yaradılması məqsədilə bu marşrutda yerləşən mədəni-tarixi abidələr təhlil edilib.
Bununla yanaşı, ölkəmizin Türkiyə, İran, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İƏT-ə üzv olan digər ölkələr ilə turizm sahəsində əməkdaşlığının genişləndirilməsinin vacibliyi vurğulanıb. Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, 2016-cı ildə qeyd olunan ölkələrdə müvafiq marketinq kampaniyalarının keçirilməsi nəzərdə tutulur.
Daha sonra R.Paşayev İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında turizm sahəsində daha effektiv əməkdaşlığın aparılması üçün sərhəd keçid prosedurlarının sadələşdirilməsinin vacibliyini vurğulayaraq Azərbaycanda 2013-cü ilin mart ayından tətbiq olunan elektron viza sistemi barədə məlumat verib.
Sessiya iştirakçılarına 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları barədə də məlumat verilib və bu tədbirin üzv ölkələrdən turistlərin Azərbaycanla yaxından tanışlığı üçün əlamətdar vəsilə olduğu vurğulanıb.
Sessiyanın sonuncu günü 2017-2018-ci illər üçün “İslam turizmi paytaxtı”nın seçilməsi məsələsinə də baxılıb. Namizədlər arasında Mədinə (Səudiyyə Ərəbistanı), Təbriz, Yəzd (İran), Tayping (Malayziya), Silhet, Yaqrhat (Banqladeş) və Mardin (Türkiyə) şəhərləri yer alıb.
Nəticədə Mədinə şəhəri 2017-ci ilin, Təbriz şəhəri isə 2018-ci ilin “İslam turizmi paytaxtı” seçilib. Həmçinin öncəki sessiyada qəbul olunmuş qərara uyğun olaraq Türkiyənin Konya şəhəri 2016-cı ilin “İslam turizmi paytaxtı” kimi təsdiq edilib.
İclasda həmçinin İƏT ölkələri arasında turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün gələn iki ili əhatə edən işlərin yerinə yetirilməsi ilə bağlı xüsusi proqram müzakirə edilib. Proqramda ərəb, ingilis və fransız dillərində İƏT-in islam turizmi portalının yaradılması da nəzərdə tutulur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar