Bayram tətili bitsə də, xizək mövsümü davam edir
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə elan olunan qeyri-iş günlərində bölgələrdə yerləşən istirahət mərkəzlərinə üz tutanların sayı artıb. İstirahət və qış turizmi həvəskarlarının bir çoxu bu günləri Qusar rayonundakı “Şahdağ” Turizm Mərkəzində keçiriblər.
Mərkəzdən verilən məlumata görə, “Şahdağ”, “Zirvə”, “Pik Palace” və “Park Chalet” hotellərində təşkil olunan Yeni il şənlikləri uzun müddət iştirakçıların yaddaşından silinməyəcək. Burada - əzəmətli Şahdağın əhatəsində əsl qış nağılı yaşamaq istəyənlər üçün unudulmaz ab-hava yaradılıb.
Qonaqların məmnunluğunu və rahatlığını, ən yüksək standartlara cavab verəcək istirahətini təmin etmək üçün turizm mərkəzinin bütün işçi heyəti var gücü ilə çalışıb. Yeni il şənlikləri və füsunkar Şahdağ səmasında möhtəşəm atəşfəşanlıq, ardınca sübhün erkən çağlarınadək davam edən musiqi ziyafəti qonaqlara xoş anlar bəxş edib.
Məlumatda o da bildirilir ki, keçən illə müqayisədə turistlərin sayında artım müşahidə olunub. Bayram günlərində turizm mərkəzinə 13 mindən çox insan gəlib. Kəskin və şaxtalı hava şəraiti Yeni ildə Şahdağda istirahət etmək və gözoxşayan təbiət mənzərəsindən zövq almaq istəyənlərə mane olmayıb.
Qeyd olunur ki, devalvasiyaya baxmayaraq, hotel qiymətlərində heç bir dəyişiklik olmayıb və yaxın gələcəkdə istər hotel, istərsə də digər əyləncə xidmətləri ilə bağlı hər hansı qiymət artımının olması gözlənilmir.
Azərbaycanda ilk qış turizm kompleksi “Şahdağ” Turizm Mərkəzi artıq dördüncü mövsümdür ki, fəaliyyət göstərir və xidmətlərin keyfiyyətinin artırılması, müştəri məmnunluğunun təmin edilməsi burada çalışan kollektivin əsas şüarıdır.
Yeni il tətili bitsə də, xizək mövsümü davam edir. Turistlər istirahət mərkəzindəki xizək və snoubord sürmə, qarda gəzinti, kanatla dağa dırmanma, aeroxizək sürmə, tübinq, qartəmizləmə maşınlarında səyahət kimi çoxsaylı qış əyləncələrindən istifadə edə, eləcə də restoran, kafe və bar, SPA və sağlamlıq mərkəzinin xidmətlərindən yararlana bilərlər.