Bayram günlərini ölkəmizin bölgələrində, qış mənzərəli təbiət qoynunda keçirmək istəyənlərin seçim imkanları kifayət qədər geniş olub. Bu günlərdə “Şahdağ” Turizm Mərkəzi ilə yanaşı, Qəbələyə də çoxlu turist gəlib.
Qəbələ rayonunun füsunkar təbiəti, burada yaradılan müasir turizm infrastrukturu həm yay, həm də qış aylarında turistlərin diqqətini cəlb edir. “Tufandağ” dağ-xizək kompleksi bu günlər istirahət həvəskarlarının xüsusilə maraq göstərdiyi məkandır. Qarlı dağlarda motorlu xizəklərlə, at və faytonlarla gəzintiyə çıxmaq, kanatla dağlarda gəzmək və buz üstündə xizəklə sürüşmək barədə düşünənlərin arzusu burada gerçəkləşib.
Bayram günlərində qonaqların istirahətinin mənalı təşkili üçün hotellərdə tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif əyləncəli tədbirlər keçirilib. Rayonda yerləşən müasir hotel və istirahət mərkəzləri bayram günlərində, ümumilikdə, 3 minə yaxın yerli və xarici turistə xidmət göstərib. Qəbələyə gələn turistlər təkcə rayon mərkəzini gəzməklə kifayətlənməyib, həm də dağ kəndlərinə üz tutublar. Yeni ili Qəbələdə qarşılayanlar arasında Hindistan, Türkiyə, Rusiya və Latviyadan gələnlər də olub.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarova bildirib ki, ötən 2015-ci il Qəbələdə turizm sektoru üçün uğurlu olub. Çünki istirahət üçün burada bütün imkanlar var. Hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyətdədir. Bu turizm obyektlərində gün ərzində 2500 qonaq qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. 2015-ci ildə Qəbələ rayonuna gələn xarici və yerli turistlərin sayı 50 mindən çox olub.
Şöbə müdirinin sözlərinə görə, bu il Qəbələnin hotellərində Yeni il şənlikləri daha maraqlı keçib, müxtəlif əyləncəli tədbirlər təşkil olunub. “Tufandağ” dağ-xizək kompleksi, “Qəbələnd” istirahət və əyləncə mərkəzi turistlərin marağını daha çox cəlb edən məkanlardır.
* * *
Qax rayonunda da son illər qış turizmi inkişaf etməkdədir. Füsunkar bir məkanda yerləşən “El Resort” hotel kompleksi də rayonda turizmin inkişafına töhfə verməkdədir. Uca dağların qoynunda yerləşən, qədim kənd və müasir şəhər elementlərini özündə birləşdirən bu hotel ilin bütün fəsillərində turistlər üçün əsl istirahət məkanıdır.
Hotelin meneceri Şamil Əfəndiyev bildirib ki, burada Yeni il şənlikləri dekabrın 30-dan yanvarın 2-dək davam edib. Hotelə gələnlərin əksəriyyəti ailəvi istirahət edənlər olub. Üçgünlük bayram paketinin qiyməti bir nəfər üçün 330 manat təşkil edib. Ötən il isə bayram paketinin qiyməti 450 manat olub. Turistlər gündə 3 dəfə yemək daxil olmaqla, hotelin bütün xidmətlərindən, idman qurğularından, həmçinin yeni istifadəyə verilən əyləncə zalı - boulinq mərkəzinin xidmətindən geniş istifadə ediblər. Onlara Azərbaycan və dünya mətbəxinin ləziz təamları ilə yanaşı, bu yerlərə xas olan milli yeməklər də təqdim olunub.
* * *
Bayram günlərində Quba rayonuna gələn turistlər isə daha çox Qəçrəş istirahət zonasına üz tutublar. Şimal bölgəsinə yağan güclü qar səbəbindən təbiətin ağ örpəyə bürünməsi onların diqqətini daha çox cəlb edib. Quba Turizm İnformasiya Mərkəzindən verilən məlumata görə, bu günlərdə rayona gələn turistlərin sayı adi vaxtlardakından 50-60 faiz çox olub.
Bayram günləri ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışan mərkəzdə “qaynar xətt” yaradılıb. Əcnəbi və yerli turistlər 24 saat ərzində (070) 530-76-70 nömrəsinə zəng edərək istirahət mərkəzləri, turizm marşrutları barədə ətraflı məlumat ala bilərlər.