Məlum olduğu kimi, TÜRKSOY Daimi Şurasının qərarına əsasən, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şəki şəhəri 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub. TÜRKSOY-un 2012-ci ildən həyata keçirdiyi bu layihə çərçivəsində Şəki paytaxt missiyasını ötən ilin sonunda Türkmənistanın Marı şəhərindən qəbul edib.

Ölkəmizin füsunkar təbiəti, nadir tarix-memarlıq abidələri, qədim xalq sənətkarlığı, özünəməxsus zəngin mətbəxi ilə tanınan, inkişaf etmiş turizm bölgəsi olan Şəki “Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində keçiriləcək tədbirlər sayəsində öz şöhrətini daha da artıracaq. Şəhərdə il ərzində təşkil olunacaq təntənəli tədbirlərə hazırlıq görülür. Xatırladaq ki, dekabr ayında Şəkidə səfərdə olan TÜRKSOY-un baş katibi və şəhər rəhbərliyi bununla bağlı fikir mübadiləsi də aparmışdı.
Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mirvari Zeynalova qəzetimizə açıqlamasında “Türk dünyasının mədəniyyət paytaxtı” ilində gözlənilən tədbirlər haqqında məlumat verdi. Onun sözlərinə görə, bu tədbirlər bir sıra əlamətdar yeniliklərlə yadda qalacaq.
Şəkidə “mədəniyyət paytaxtı” ilinin təntənəli açılış mərasiminin aprel ayında keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində xalq tətbiqi sənət ustalarının və rəssamların sərgisi, Novruz bayramı və TÜRKSOY rəsm sərgisi, şəhərin folklor və musiqi kollektivlərinin konserti, Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş “Türkün 101 şairi” adlı şeir müsabiqəsi keçiriləcək. Həmçinin türk xalqları tarixinin aktual problemlərinə həsr olunmuş beynəlxalq elmi konfrans da təşkil olunacaq”.
Şöbə müdiri qeyd etdi ki, Şəkinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olması münasibətilə bir sıra festivalların keçirilməsi də nəzərdə tutulur. Bildirdi ki, il ərzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş atüstü milli oyunlar festivalı, “İpək Yolu” VII Beynəlxalq Musiqi Festivalı, II Şəki Beynəlxalq Teatr Festivalı, III Şəki Beynəlxalq Şirniyyat Festivalı, V Beynəlxalq Qafqaz Motofestivalının keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, TÜRKSOY-un layihəsi çərçivəsində indiyədək Astana (2012), Əskişəhər (2013), Kazan (2014) və Marı (2015) şəhərləri “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar