Ölkəmizin təmsil olunacağı beynəlxalq turizm sərgilərində yarışla bağlı təqdimatlar keçiriləcək
Məlum olduğu kimi, 2016-cı ilin 17-19 iyun tarixində Azərbaycan paytaxtı dünyanın ən böyük avtomobil idmanı yarışmasının - “Formula 1” dünya çempionatının Avropa Qran-pri mərhələsinə ev sahibliyi edəcək. “Formula 1” yarışları bütün dünyada maraq doğuran və çoxsaylı turist cəlb edən idman şousudur.
Paytaxtımızda bu yarış üçün “Bakı şəhər halqası” adlı trek salınacaq. Dənizkənarı bulvar boyunca və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ətrafında dövr edəcək, 20 müxtəlif çətinlikli döngəsi olan trekdə avtomaşınlar 300 km/saat sürətlə hərəkət edəcək. Yarışın təşkili ilə bağlı “Bakı şəhər halqası” Əməliyyat Şirkəti yaradılıb.
Yanvarın 22-də mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov və “Bakı şəhər halqası” Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov arasında görüş keçirilib. Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, şirkətin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai və Bilet satışı şöbəsinin rəhbəri Bülənt Özərdim də iştirak ediblər.
Görüş zamanı "Formula 1” Qran-pri yarışına hazırlıq məsələləri müzakirə olunub, turizm baxımından yarışın əhəmiyyətindən söhbət açılıb. Bu istiqamətdə birgə təbliğatın aparılması üçün müxtəlif tədbirlərin həyata keçirilməsi, müvafiq fəaliyyət planının hazırlanması qərara alınıb.
Qarşıdakı müddətdə ölkəmizin təmsil olunacağı beynəlxalq turizm sərgilərində “Bakı şəhər halqası” Əməliyyat Şirkətinin nümayəndələrinin iştirakı, yarış haqqında müxtəlif təqdimatların keçirilməsi və turizm sənayesinin cəlb olunması, xarici mətbuat nümayəndələri üçün birgə press turların təşkili, onlayn bilet satışının stendlərdə həyata keçirilməsi üçün müxtəlif işlər görülməsi haqqında fikir mübadiləsi aparılıb.