Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi 15-ci dəfə keçiriləcək

Bu il regionda turizm sənayesi üzrə aparıcı tədbirlərdən biri - Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AİTF-2016) 15 illik yubileyini qeyd edir. Keçirildiyi illər ərzində AİTF bütövlükdə Xəzəryanı regionda mühüm tədbirlərin təşkil olunduğu, tərəfdaşlıq müqavilələrinin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi əsas turizm tədbirinə çevrilərək, bu sənaye sahəsinin qovşağı statusunu qazanıb.
Turizm ölkənin qeyri-neft sektorunun perspektivli sahələrindən biridir. Respublika rəhbərliyi tərəfindən AİTF sərgisinə hər zaman hərtərəfli dəstək verilir. Son bir neçə ildə Prezident İlham Əliyevin sərgini ziyarət etməsi bunun bariz nümunəsidir. İlk gündən etibarən Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilən AİTF sərgisi həmçinin Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatı (UNWTO) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “İteca Caspian” və onun tərəfdaşı “ITE Group” (Böyük Britaniya) şirkətləri çıxış edir.
Sərginin müsbət dinamik inkişafı, eləcə də onun ölkənin turizm sektorunda oynadığı xüsusi rol son illər ərzində həm iştirakçıların, həm də ekspozisiyaların sayının artmasını bir daha təsdiq edir. “AİTF-2016” sərgisində fərqli turizm istiqamətlərini təqdim edən 40 ölkədən 200-dən artıq şirkətin iştirakı planlaşdırılır. Belarus, Bolqarıstan, Macarıstan, Gürcüstan, Dominikan Respublikası, Hindistan, İndoneziya, İran, İspaniya, Tailand, Türkiyə, Xorvatiya, Monteneqro və Çexiya sərgidə milli pavilyonlar ilə çıxış edəcəklər. Bundan başqa, sərgidə Rusiya, Latviya, Maldiv adaları, Sloveniya, ABŞ, Ukrayna, İsveçrə və digər ölkələrin turizm şirkətləri və hotellərinin iştirakı gözlənilir. Stavropol vilayəti (Rusiya) və Yurmala (Latviya) kimi regionlar da ayrıca stendlərlə nümayiş olunacaqlar. Ənənəvi olaraq, Azərbaycan Turizm Assosiasiyasının stendində Azərbaycanın turizm şirkətləri, hotel və sanatoriyaların təklifləri ilə tanış olmaq mümkün olacaq. Mədəniyyət və Turizm Nazirliyinin stendi və ölkə regionlarının ənənəvi ekspozisiyaları çərçivəsində isə Azərbaycanın daxili turizm potensialı bütün çalarları ilə təqdim olunacaq.
AİTF sərgisi ilə eyni vaxtda Cənubi Qafqaz və Xəzər regionunun qonaqpərvərlik sənayesi üzrə mühüm ixtisaslaşdırılmış tədbiri - 10-cu Qafqaz beynəlxalq “Mehmanxana, restoran və super-marketlər üçün avadanlıq və ləvazimatlar” sərgisi (HOREX Caucasus 2016) də keçiriləcək. AİTF və “HOREX Caucasus” sərgilərinin yubileyi ilə əlaqədar olaraq, təşkilatçılar tərəfindən eksponent və ziyarətçilərin də iştirak edəcəkləri əlavə tədbirlərdən ibarət maraqlı yubiley proqramı planlaşdırılıb.
Hər iki sərgi 7-9 aprel tarixində turizm peşəkarları, aprelin 9-da isə bütün ziyarətçilər üçün açıq olacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar