Tədbir çərçivəsində Azərbaycan və Türkiyə turizm sənayesi nümayəndələrinin geniş tərkibli görüşü keçirilib
Xəbər verdiyimiz kimi, yanvarın 28-dən 31-dək İstanbulda keçirilən “EMİTT 2016” beynəlxalq turizm sərgisində ölkəmiz də təmsil olunub. Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərlik etdiyi nümayəndə heyətində nazirliyin əməkdaşları, turizm şirkətləri və hotellərin, eləcə də AZAL-ın təmsilçiləri yer alıb.
Dünyanın beş ən böyük turizm sərgisindən biri olan İstanbul sərgisinə bu il 71 ölkədən 4500-dək şirkət qatılıb. Respublikamızın turizm imkanları Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 77 kvadratmetr sahədə qurulmuş milli stenddə nümayiş olunub.
Stenddə qurulmuş monitorlarda ölkəmizin tarixi, mədəniyyəti və müasir inkişafından bəhs edən tanıtım filmləri nümayiş olunub, ziyarətçilərə reklam-çap məhsulları paylanıb, turizm imkanlarımız barədə ətraflı məlumat verilib.
Burada 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları barədə lövhə də yer alıb.
Azərbaycan stendi ziyarətçilər tərəfindən maraqla qarşılanıb, işgüzar görüşlər olub. Şirkətlərimizin hazırladıqları “Formula 1” üzrə Avropa Qran-pri mərhələrinin iştirakçıları və bu yarışların azarkeşləri üçün xüsusi turist proqramları da ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
Sərgi çərçivəsində yanvarın 29-da Türkiyə Səyahət Agentlikləri Birliyinin və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə iki ölkənin turizm sənayesi nümayəndələri arasında B2B formatında işgüzar görüş və ölkəmizin turizm potensialının təqdimatı keçirilib. Görüşdə Aydın İsmiyev və ölkəmizin 24 turizm şirkətinin əməkdaşı iştirak edib. Türkiyə tərəfindən isə görüşə TÜRSAB-ın rəhbəri Başaran Ulusoy və baş katibi Çətin Gürçinin rəhbərliyi ilə 70-ə yaxın turizm şirkətinin nümayəndələri qatılıb.
Başaran Ulusoy iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini, turizm sənayesi nümayəndələri arasında təcrübə mübadiləsinin və qlobal iqtisadi böhran şəraitində birgə əməkdaşlığın vacibliyini qeyd edib. Öz növbəsində Aydın İsmiyev bu görüşü müsbət qiymətləndirərək Azərbaycana turist axının artırılmasında Türkiyə təcrübəsindən istifadənin əhəmiyyətini vurğulayıb.
Tədbirdə Azərbaycanın turizm potensialını əks etdirən videotəqdimat olub. Turizm şirkətləri qarşılıqlı olaraq öz turizm məhsullarını təqdim ediblər.