Mövcud vəziyyət, problemlər və həll yolları müzakirə edildi

Fevralın 4-də Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Murat Karaçantanın ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri və media nümayəndələri ilə görüşü keçirildi.

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Hava Yolları, Türk Hava Yolları təmsilçilərinin də qatıldığı görüşdə çıxış edən müşavir 2015-ci ilin yekunları, 2016-cı ildə görüləcək işlər barədə məlumat verdi, görüşün iki ölkə arasında turizm əlaqələrinin inkişafı baxımından əhəmiyyətini vurğuladı.
Qeyd olundu ki, ötən il Azərbaycandan Türkiyəyə 644 min, Türkiyədən Azərbaycana 344 min turist səfər edib. Statistika iki ölkə arasında turist axınının az olduğunu göstərir. Bu səbəbdən də ölkələrimizin turizm imkanlarını qarşılıqlı şəkildə tanıtmaq, təbliğ etmək lazımdır. Türkiyəyə ən çox turist göndərən ölkələrdən söz açan Murat Karaçanta bildirdi ki, ilk onluğa daxil olmayan Azərbaycandan gələn turist sayında son illərdə azalma var. Son dövrdə Türkiyənin Avropada terrorlar yaşanan ölkə kimi tanıdılmasına münasibət bildirən müşavir reklam kampaniyalarının bu xəbərlərinin qarşılanmasında müsbət addım olacağını dedi.
Müşavir Azərbaycanla qarşılıqlı olaraq turist mübadiləsi haqqında danışarkən termal, sağlamlıq, qış, qolf, atçılıq, idman, çimərlik, gənclik, ekoloji, alış-veriş və digər turizm sahələrin daim dinamik inkişafının və mütəmadi olaraq tanıdılmasının vacibliyini qeyd etdi. Vurğuladı ki, reklam işi, qiymətlərdə endirim, tur operatorları və səyahət agentliklərinin birgə fəaliyyəti turizm təbliğatının daha da gücləndirilməsinə yönəldilməlidir. Təbii ki, bu mövzuda şirkətlərin, turizmlə məşğul olan assosiasiyaların təklifləri nəzərə alınmalıdır.
Görüş zamanı sosial şəbəkələrdə ölkənin turizm potensialının təbliğ edilməsi və bundan yararlanma, həftəlik səyahət paketlərinin qiymətlərində endirimlərin reallaşdırılması, Azərbaycan Hava Yolları və Türk Hava Yollarının turizm şirkətləri ilə danışıqlara qatılması və 2016-cı il üçün yeni layihələrin reallaşdırılması mövzusunda fikir mübadiləsi aparıldı.
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Turizm sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov səslənən fikirlərə münasibət bildirərək əlavə etdi ki, görüş çox səmərəlidir və hər iki tərəfin turizm sənayesi nümayəndələrinin iştirakı ilə səslənən problemlər, bu problemlərin aradan qaldırılması yolları böyük əhəmiyyət kəsb edir: “Bir sıra turizm şirkətləri qarşılaşdıqları problemlərlə bağlı öz fikirlərini söylədilər. Eyni zamanda biz də hər zaman şirkətlərə dəstək olduğumuzu bildiririk. Düşünürəm ki, bu səpkidə tədbirlərin keçirilməsi turizm sənayesi üçün çox vacibdir”.
Sektor müdiri qeyd etdi ki, aviabiletlərlə bağlı ötən illərə nisbətən Azərbaycan Hava Yolları müvafiq endirimlər həyata keçirib. Mədəniyyət və Turizm Nazirliyi turizm şirkətlərinin təkliflərinə hər zaman açıqdır. Görüşdə termal turizmlə bağlı müzakirələr aparılır və bildirmək istəyirəm ki, Azərbaycanın Sağlamlıq və Termal Turizm Assosiasiyası mövcuddur. Turizm şirkətlərinin hər hansı təklifləri varsa, həmin assosiasiyaya müraciət edə bilərlər və biz də nazirlik olaraq bu təkliflərə dəstək olarıq.
Görüş turizm əlaqələrinin inkişafı və perspektivləri mövzusunda fikir mübadiləsi ilə davam etdi.

L.Azəri