Beynəlxalq tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edir
Fevralın 4-də Türkiyənin İstanbul şəhərində Dünya Turizm Forumu işə başlayıb. Müxtəlif ölkələrdən turizm sənayesi təmsilçilərinin, rəsmilərin iştirak etdiyi beynəlxalq tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.
Litfi Kırdar sarayında keçirilən açılış mərasimində Dünya Turizm Forumunun prezidenti Bulut Bağcı, Türkiyə Səyahət Agentlikləri Birliyinin (TURSAB) prezidenti Başaran Ulusoy, Türkiyənin mədəniyyət və turizm naziri Mahir Ünal və başqaları çıxış ediblər.
Forumda çıxış edən nazir Əbülfəs Qarayev Azərbaycanda turizmin qeyri-neft sektorunda artan payı və bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən bir sıra layihələr haqqında məlumat verib.
Ölkəmizdə turizmin prioritet sahələrdən biri olduğunu qeyd edən nazir turizmin müxtəlif növlərinin inkişafı istiqamətində görülən işlərdən söz açıb, mədəni turizm, sağlamlıq turizmi, işgüzar turizm sahələrinin turistlərin cəlb olunması baxımından xüsusi rolu olduğunu vurğulayıb.
Dövlətin turizmin inkişafı istiqamətində həyata keçirdiyi islahatlardan bəhs edən Əbülfəs Qarayev Azərbaycanda 2016-2025-ci illər üçün turizmin inkişaf strategiyasının hazırlandığını bildirib.
Qeyd olunub ki, ölkəmizin ev sahibliyi etdiyi nüfuzlu beynəlxalq tədbirlər, o cümlədən 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunları, bu ilin iyununda təşkil olunacaq “Formula-1” Qran-pri yarışı, 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunları turizmin inkişafı üçün də mühüm zəmin yaradır.
Nazir çıxışında həmçinin turizmin əsas amillərindən olan elektron vizanın tətbiqindən, yeni hotellərin açılmasından, bu sahədə beynəlxalq əməkdaşlıqdan, turizm təhsilindən, aparılan təbliğat işlərindən də bəhs edib.
Qeyd edək ki, forumun ilk iş günündə nazirlərin görüşü də keçirilib. Türkiyənin mədəniyyət və turizm naziri Mahir Ünal ilə nazir Əbülfəs Qarayevin görüşündə iki ölkə arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsi və birgə layihələrin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb.
Fevralın 6-dək davam edəcək Dünya Turizm Forumunda turizmin iqtisadi əsasları, mədəni turizm, turizm və siyasət, beynəlxalq idman yarışlarının təşkili və digər mövzular üzrə panellər, müzakirələr nəzərdə tutulub.